“Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər”

“Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər”

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində kanadalı hərbi jurnalist, "Esprit de Corps" hərbi jurnalının redaktoru Skott Teylorun qələmə aldığı "Türkiyə, Ermənistan, Azərbaycan: Barışmaz Ziddiyyətlər" adlı kitabın təqdimat mərasimi keçirilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təqdimat mərasimində bir sıra ölkələrin Böyük Britaniyadakı səfirləri, diplomatik missiyaların təmsilçiləri, mətbuat nümayəndələri, regiona maraq göstərən tədqiqatçılar, Londonda fəaliyyət göstərən Azərbaycan Evi və Avropa Azərbaycan Cəmiyyəti kimi təşkilatların nümayəndələri, Səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan səfir Fəxrəddin Qurbanov qeyd olunan kitabın nəşr olunmasını regionda baş verən hadisələrin obyektiv işıqlandırılması və xüsusilə də Qərb cəmiyyətinə reallıqların olduğu kimi çatdırılması baxımından təqdirəlayiq hal olduğunu və kitabın Dağlıq Qarabağla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb. O, həmçinin kitabla bağlı öz təəssüratlarını bölüşmüş və kitabın uzun müddətli araşdırmalar nəticəsində araya ərsəyə gətirildiyini qeyd edib.

Daha sonra müəllifin özünün hazırladığı və kitabın xülasəsinə həsr edilmiş video material göstərilib. Video materialda müəllifin öz dilindən kitabın yazılma məqsədi haqda məlumat verilib. Bildirilib ki, ötən əsrdə Şərqi Anadolu və Cənubi Qafqazda baş vermiş iki hadisə, 1915-ci il hadisələri və Dağlıq Qarabağ ətrafında baş verən hadisələr bir çox hallarda Qərb, xüsusilə də Kanada ictimaiyyətinə bir tərəfli qaydada çatdırılıb. Bu baxımdan, o, baş vermiş olayların gerçəkliyə uyğun şəkildə Qərb ictimaiyyətinə çatdırılma lüzumu hiss edərək bu kitabı yazmağa başlayıb.

Xüsusilə Dağlıq Qarabağ müharibəsində ermənilər tərəfindən törədilmiş vəhşiliklərin miqyas baxımdan 90-cı illərdə Balkanlarda baş vermiş faciələrdən daha kəskin olduğunu, lakin bu münaqişəyə və bütövlükdə Qafqaz regionuna lazımi diqqətin göstərilmədiyini təəssüf hissi ilə nəzərə çatdırıb. Müəllif kitabın məhz bu boşluğun doldurulması məqsədi ilə nəşr edildiyini və bu kimi təqdimat mərasimlərinin bir çox ölkələrdə nəzərdə tutulduğunu qeyd edib.

Kitab S. Teylorun Cənubi Qafqaza çoxsaylı səfərləri, Dağlıq Qarabağ müharibəsinin qurbanları ilə görüşləri və müharibənin baş verdiyi ərazilərə səfərləri əsasında qələmə alınıb.

Təqdimat mərasiminin sonunda Skott Teylor iştirakçıların çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə