Daxili İşlər Nazirliyi (DİN) xalq artisti Faiq Ağayevin bıçaqlanması ilə bağlı açıqlama yayıb. DİN mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu gün səhər saatlarında Nəsimi rayonu ərazisində xalq artisti Faiq Ağayev özünə məxsus 10 FA 222 dövlət nömrə nişanlı "Audi" markalı maşını idarə edərkən həmin yolla hərəkət edən "VAZ-2107" markalı avtomobilin sürücüsü və sərnişinləri ilə mübahisəsi düşüb. Sonradan qızışan mübahisə münaqişəyə çevrilib. Nəticədə F.Ağayev və onun yanında olan iki nəfərə çoxsaylı bıçaq xəsarətləri yetirilib. Hadisəni törədən şəxslər qaçıblar. Onlar üç nəfər olub.
Xatırladaq ki, faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.2.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma, iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə) və 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddələri ilə cinayət işi başlanıb.
Hazırda istintaq-əməliyyat qrupu törədən şəxslərin qısa zamanda müəyyənləşərək tutulması istiqamətində zəruri əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Faktla bağlı Bakı şəhər Baş Polis İdarəsi məlumatlandırılıb. Hadisəni törədən şəxslərin tutulması istiqamətində polis tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB