Qeyri müstəqil Ermənistan – Moskva və Vaşinqton arasında artan gərginlikdəki indikator rolunda ANALİTİK

Qeyri müstəqil Ermənistan – Moskva və Vaşinqton arasında artan gərginlikdəki indikator rolunda ANALİTİK

Ermənipərəst “Reqnum” informasiya-analitik agentliyinin baş redaktoru, Rusiya politoloqu Modest Kolerova görə, Moskva Ermənistandan NATO ilə əməkdaşlığını dondurmasını tələb etməsi müqabilində Avropa İttifaqı (Aİ) ilə çərçivə razılaşmasına etiraz etmir. Ən azından, rəsmi Yerevan qarşısında Gürcüstanda start götürmüş NATO təlimlərində iştirak etməmək tələbi də məhz bu konteksti ehtiva edir. “SƏS” İnformasiya Agentliyi Ermənistanın 1in.am saytında analitik məqalələri ilə çıxış edən Sarqis Artsruniyə istinad edərək xəbər verir ki, Rusiya Ermənistana “suveren” ölkə kimi yanaşma etsə də, rusiyalı politoloqun ifadəsi əslində çox şeydən xəbər verir.

Aİ ilə sazişin imzalanması Ermənistana heç nə verməyəcək

“Biz hamılıqla Aİ ilə sazişi gözləyirik ki, bu da Avrasiya İqtisadi Briliyi (AİB) ilə əks-inteqrasiya vektorunu təşkil edir”-deyə Kolerovun digər erməni media qurumu tert.am-a verdiyi müsahibəsindəki fikirlərini yazan erməni analitiki rusiyalı politoloqun həmin istiqamətdəki başqa fikrini də diqqətə çatdırır. Belə ki, Kolerova görə, Ermənistanın NATO tərəfindən təşkil edilən hərbi təlimlərdəki iştirakı bir müddət öncə Ermənistanla Rusiya arasında əldə edilmiş ümumqoşun qruplaşması sazişinə tərs-mütənasibdir. Beləliklə, Sarqis Artsruni Modest Kolerovun Ermənistanın NATO hərbi təlimlərində iştirakının mümkünsüzlüyü, eyni zamanda ikitərəfli müdafiə maraqlarına qarşı da cavab verməməsi fikirlərinə öz münasibətini nümayiş etdirərək yazır ki, əgər sözügedən məsələyə Kolerovun məntiqi ilə yanaşılarsa, Moskva bu istiqamətdə kifayət qədər praqmatik qərar qəbul edib. Çünki Aİ ilə sazişin imzalanması Ermənistana heç nə verməyəcək.

Artsruni “reqnum” agentliyinin baş redaktorunun fikirlərini şərh edərkən yazır: “Ermənistanın təhlükəsizlik sistemini diversifikasiya edən Ermənistan-NATO münasibətləri ölkəmizin subyektivliyini artırmış olur. Lakin Kolerov fikrimizcə, öz ifadəsində başqa əhəmiyyətli məqamı qabardıb ki, biz bu barədə öncəki məqalələrimizdə yazmışıq...”

Beləliklə, Artsruni rusiyalı politoloqun “Mən deyə bilərəm ki, Rusiyanın Vaşinqtondakı və San-Fransiskodakı diplomatik nümayəndəlikləri Rusiya Federasiyası üçün Ermənistandan daha əhəmiyyətlidir” fikrini nəzərə çatdırıb və digər düşüncəsini də yazıb: “Rusiya hazırda amerikalıların San-Fransiskoda və Vaşinqtonda nə etmələrinə seyirci olaraq davranır. Eyni zamanda Ermənistanın Aİ-də nə edəcəyinə də seyirci olaraq yanaşacaq”.

Xatırladaq ki, son günlər ABŞ-Rusiya münasibətlərində yaranmış soyuqluğa daha bir hadisə səbəb olub. Bu, amerikalıların ABŞ-da yerləşən Rusiya diplomatik nümayəndəliklərinə axtarışlar aparması, mülkiyyətləri isə mənimsəməsi hadisəsidir.

Trampın Putini aşağılaması, Putinin Serj Sarkisyanı təhqir etməsi ilə nəticəsini tapıb

Sarqis Artsruni yazır: “İlk baxışdan belə bir sual yaranır ki, Ermənistan-NATO, yaxud Ermənistan-Aİ arasında olan münasibətlərin Rusiya dipnümayəndəliklərinin yerləşdiyi San-Fransisko və Vaşinqtonla hansı əlaqələri ola bilər? Lakin Kolerovun işarəsi aydındır: o demək istəyir ki, Putin Trampın hərəkətləri qarşısında özünü alçaldılmış hiss edir, çünki Vaşinqtona qarşı eyni cavabı verə bilmir, ancaq Ermənistanı istifadə etməklə müəyyən qədər özünü göstərir. Məsələn, bu ölkənin NATO hərbi təlimlərinə qatılmasını anulirə (ləğv) etməklə.

Nəticədə 1in.am-ın siyasi şərhçisi hesab edir ki, əgər məsələyə obrazlı şəkildə yanaşılarsa, Trampın Putini aşağılaması, Putinin Serj Sarkisyanı təhqir etməsi ilə nəticəsini tapıb. SİTAT: “Lakin Kolerovun məntiqindən asılı olmayaraq, Ermənistanın Aİ ilə saziş imzalaması da sual altındadır. Çünki mümkündür ki, Putin noyabr ayında ya Vaşinqtona, ya da Brüsselə növbəti messinclərini göndərəcək və bir daha bunun üçün Ermənistan faktorunu öz siyasi baxışlarını yürütmək istiqamətində istifadə edəcək.

“Bu məsələdə ən kədərli məqam isə budur ki, Ermənistan – Moskva və Vaşinqton arasında artan gərginlikdə indikatora çevrilərək tam şəkildə öz subyektliyini itirmiş olur”-deyə Artsruni yazır.

Ermənistanın təlimlərdə iştirak edib-etməməsi amili Qərbi narahat etmir

Digər erməni analitiki Aram Amatuni də hesab edir ki, Ermənistanın NATO ilə hərbi təlimlərdən imtinası birbaşa Rusiyanın təhriki ilə baş tutub. “Bu, tamamilə mümkün, ya da real məsələdir”-deyə yazan Amatuniyə görə, bu zaman belə bir sual yaranır: “Əgər belədirsə, onda bir müddət öncə yenə də Gürcüstanda keçirilmiş NATO hərbi təlimlərində Ermənistan nəyə görə iştirak etmişdi? Yaxud, Rusiya nəyə görə həmin vaxt Ermənistanın qarşısına sədd qoymamışdı? Çünki bu dəfəki qadağada bəhanə tapmaq mümkündür. Bu, ABŞ-Rusiya münasibətlərinin gərginləşməsi ilə əlaqələndirilə bilər. ABŞ Rusiya Federasiyasının diplomatik nümayəndəliklərində axtarışlar aparıb və mülkiyyətinə məxsus əşyaları mənimsəyib, Rusiya da cavab olaraq, Ermənistanın hərbi təlimlərə qatılmasına əngəl qoyub”.

Amatuni onu da hesab edir ki, əslində, Rusiyanın Ermənistan üzərindəki dominantlığı, eləcə də Ermənistanın NATO-nun keçirdiyi hərbi təlimlərdəki iştirakının qarşısını alması, yaxud da Ermənistanın təlimlərdə iştirak edib-etməməsi amili Qərbi narahat etmir. SİTAT: “Reallıqda, NATO təlimlərində iştirak etmək Ermənistanın özü üçün maraqlı olmalıdır. Çünki bu, regionda hərbi-siyasi balansın yaradılmasına səbəb olar bilərdi, ilk növbədə isə Qarabağ problemində...”

Erməni analitiki hətta ölkə rəhbərliyinin və hərbi dairələrinin “İsgəndər” raketləri ilə öyünmələrinin də boş xəyal olduğunu dolayısı ilə ifadə edib. “İsgəndərlərin” deyil, məhz bu balansın hesabına Azərbaycanın gücünə qarşı çıxmaq olar. Çünki alət kimi ilk olaraq məhz “İsgəndər” məhv ediləcək”- deyə Amatuni yazır.

Görünən isə budur ki, bu gün Ermənistan siyasilərinin, eləcə də ermənipərəst politoloqlarının irəli sürdükləri müxtəlif rəylərinə, proqnozlarına baxmayaraq, bu ölkənin istər siyasi, istər iqtisadi, istərsə də digər sahələrdən təcrid olunması, həmçinin, başqa dövlətlərin əlində alət kimi istifadəsi hər şeyi tam çılpaqlığı ilə ortaya qoymuş olur. Hətta vəziyyət o həddə qədər yetişib ki, ermənilərin qatı millətçiliyi ilə seçilən analitik yazarları belə, “İsgəndər” raketlərinin yararsız olduğunu, hətta Azərbaycanla müharibəyə başlayarsa ilk zərbədən məhv ediləcəyini etiraf edirər. Hər halda, Ermənistanın NATO-nun Gürcüstanda keçirdiyi hərbi təlimlərdən kənarda qalması bütün faktları özü-özülüyündə sübuta yetirmiş olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə