Politoloq: “Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamənin müzakirəsinin geri götürülməsini diplomatik uğura hesablamaq olar"-AÇIQLAMA

Politoloq: “Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı qətnamənin müzakirəsinin geri götürülməsini diplomatik uğura hesablamaq olar"-AÇIQLAMA
"Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəallıq göstərməklə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münqaşəsinin tənzimlənməsinin məhz onun nəzarətində olduğunu beynəlxalq subyektlərin nəzərinə çatdırmaq istəyir". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu münaqişənin həllinə mane olan tərəfləri açıqlayarkən deyib. O bildirib ki, Rusiyanın bu münaqişənin həlli ilə əlaqədar dövlət başçıları, xarici işlər nazirləri arasında görüşlər təşkil etməsi məhz bu məqsədə xidmət edir.

Açıqlaması zamanı Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın münasibətinə toxunan politoloq söyləyib ki, dildə ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu göstərsə də real fəaliyyət də bunu görmək mümkün deyil: "ABŞ-ın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə maneçilik göstərməsi haqda nəsə söyləmək çətindir. Çünki ABŞ özü münaqişənin həll olunmasında maraqlı olduğunu söyləyir. Amma çox təəssüf ki, ABŞ sadəcə olaraq bunu söz olaraq qeyd edir, real həyatda, əməli fəaliyyətdə isə problemin həlli, tənzimlənməsi istiqamətində konkret olaraq heç bir addım atmır".

Açıqlaması zamanı ölkəmiz tərəfindən hazırlanan "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə dair"qətnamənin BMT-nin Baş Assambleyasının gündəliyindən çıxarılması məsələsinə də toxunan politoloq sənədin bütünlükdə ölkəmizin maraqlarına tam cavab verdiyini dilə gətirib. Sənədin qəbul olunma şansının böyük olduğunu vurğulayan E. Mirbəşiroğlu bildirib ki, Azərbaycan tərəfi yenə də konstruktiv mövqe tutaraq danışıqlar prosesində hər hanısı bir ləngimənin, ən azından Ermənistanın bu faktdan Azərbaycanın əleyhinə istifadə etməsi imkanlarının məhdudlaşdırmaq məqsədilə bu addımı atdı və ölkəmizin təşəbbüsü ilə sənəd geri götürülüb.

"Bu addım sessiya öncəsi Azərbaycan tərəfindən diplomatik bir gediş idi. Bununla ölkəmiz tam şəkildə dünyaya münaqişənin danışıqlar yolu ilə tənzimləməsini prinsipinə sadiq olduğunu sübut etmək üçün bütün addımlara getməyə belə hazır olduğunu bəyan etdi. Azərbaycan eyni zamanda dünya ictimaiyyətinə bəyan edir ki, münaqişənin tənzimlənməsinə dair konstruktiv addımlar atmasına baxmayaraq Ermənistan tərəfi heç bir addım atmır. Düşünürəm ki, bu addım Azərbaycana yeni diplomatik dividentlər gətirə bilər. Sənədin geri götürülməsini diplomatik uğura hesablamaq olar".

Bütün xəbərlər Facebook səhifəmizdə