Lənkəran rayonunda internet istifadəçilərinin sayı durmadan artır. Hazırda bu say 50 min nəfəri keçib. Bu barədə SİA-nın cənub bürosuna Lənkəran rayon Telekommunikasiya Qovşağının İnformasiya Texnologiyaları üzrə aparıcı mütəxəssisi Bəxtiyar Qulamov məlumat verib.
Onun sözlərinə görə, internet istifadəçilərinin artmasına bir neçə amil öz təsirini göstərib. Belə ki, bir tərəfdən kompyuterlər xeyli ucuzlaşıbsa, digər tərəfdən internetdən istifadə qiymətləri son bir neçə ildə 5 dəfədən çox aşağı düşüb. Bunlarla yanaşı, Lənkəran şəhərindəki 4 və 5 saylı ATS-lərin tam, kənd ATS-lərinin əksəriyyətinin elektronlaşdırılması internet istifadəçilərinin artmasında mühüm rol oynayıb.
B.Qulamov 2004-cü illə müqayisədə internet istifadəçilərinin sayının 10-12 dəfə artdığını vurğulayıb. Mütəxəssis bildirib ki, əvvəl mövcud olan 60 kanal tələbata cavab vermirdisə, hazırda həmin problem də aradan qaldırılıb.
Qeyd edək ki, bu sahədə böyük uğurlar qazanılsa da, görüləsi işlər də çoxdur. Belə ki, kənd yerlərində yaşayanlar hələ də genişzolaqlı sürətli internetdən istifadə edə bilmirlər. Bu sahədə tədbirlərin görüldüyünü diqqətə çatdıran B.Qulamov 2011-ci ilin yanvarından artıq bir neçə kənd ATS-ində sürətli internetə qoşulmağın mümkün olacağını əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB