Müşfiq Ələsgərli: “Fürsətçilər ötəngünkü hadisə ilə bağlı yalan versiyalar uydurdular” AÇIQLAMA
"Hazırda elə dövrdə yaşayırıq ki, xəbəri gizləmək və ya saxlamaq mümkün deyil. İstənilən halda, xəbər yayılır və bu normal haldır. Sadəcə burada narahatlıq doğuran əsas məqam, kimlərinsə ümumiyyətlə olmayan hadisə barədə yalan xəbər yayması, ya da olmuş hadisəni təhrif etməsidir". Bu fikirləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.
O bildirib ki, bəzən hadisəni öz bilgiləri, dünyagörüşləri çərçivəsində şərh edərək də yazanlar da var: "Çox təəssüf ki, ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş verən yanğın zamanı yayılan xəbərlərdə də bunu müşahidə etdik. Fürsətçilər hadisənin səbəbi barədə çoxlu sayda yalan versiyalar uydurdular. Həmçinin zərərçəkmişlər barədə yalah informasiyalar verdilər".
Ötən gün baş verən hadisələrlə bağlı yanlış məlumat yayanların təsadüfi olmadığını dilə gətirən Mətbuat Şurasının sədr müavini söyləyib ki, yayılan informasiyaların əksəriyyəti qərəzli, düşünülmüş şəkildə və peşəkarcasına hazırlanan yalandır: "Təbii ki, məqsəd Azərbaycan dövlətini, ordu təmsilçilərini gözdən salmaqdan ibarətdir. Təəssüf ki, bəzi sosial şəbəkə istifadəçiləri də məsələnin mahiyyətinə varmadan bu yalanları tirajladılar. Hansı ki belə davranış vətəndaş təəssübkeşliyi ilə ziddiyət təşkil edir".
M. Ələsgərli qeyd edib ki, informasiyaya qərəzli yanaşma qanunla qadağan edilir: "Vətəndaşlarımız arasıında hələ də belə məsələlərin ciddiyətini anlamayanlar var. Bəziləri bilərəkdən, bəziləri isə bilməyərəkdən həmin yalanların yayılmasında iştirak edir, bu yolla düşmənin dəyirmanına su tökmüş olurlar. Hər kəs bilməlidir ki, ötən gün baş verən hadisə sıradan bir yanğın deyil və bu cür hadisələr barədə xəbər yayımı qanunla tənzimlənir. Bu baxımdan belə hallar barədə xəbər yayarkən rəsmi qurumların mövqeləri mütləq nəzərə alınmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB