Elçin Mirzəbəyli: “Belə şeylər unudulmur. Necə ki, Cümhuriyyəti rus-bolşevik işğalçılarına satan Əliheydər Qarayevlər unudulmayıb”
“Turan” İnformasiya Agentliyinin rəhbəri hazırda vergidən yayınmaya görə istintaqa cəlb edilən Mehman Əliyevin müdafiəsinə qalxan bir sıra media nümayəndələrinə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “facebook” sosial şəbəkəsindəki şəxsi səhifəsi vasitəsi ilə cavab verib. “SƏS” İnformasiya Agentliyinin (SİA) verdiyi xəbərə görə, hələ dörd il öncə, 2013-cü ilin prezident seçkiləri ərəfəsində müxalifətin radikal qanadı tərəfindən təsis edilmiş “Milli Şura”ya dəstək üçün M.Əliyev bilavasitə Rusiya dövlətindən dəstək istəmişdi. Adıçəkilən qurumun üzvü olaraq, M.Əliyev Azərbaycanın milli-dövlətçilik maraqlarını ölkədən kənar siyasi qüvvələrə həvalə olunması istiqamətində məktub ünvanlayıb, Azərbaycanda “demokratiyanın”, “hüquqi dövlətin” qurulması üçün siyasi dəstək istəyib.
“Mən unutmamışam. Belə şeylər unudulmur”
“Dörd il öncə, avqustun 2-də Azərbaycandan Rusiya prezidentinə şanlı bir məktub ünvanlanmışdı”-deyə qeyd edən E.Mirzəbəyli yazır ki, başqa bir dövlətin başçısından Azərbaycanda keçiriləcək seçkilərlə bağlı dolayısıyla dəstək istənilmişdi. SİTAT: “...Ola bilsin ki, o məktubun altındakı imzanın müəllifini kimlərsə unudub, yaxud unutmaq və unutdurmaq istəyib. Amma mən unutmamışam. Belə şeylər unudulmur. Necə ki, Cümhuriyyəti rus-bolşevik işğalçılarına satan Əliheydər Qarayevlər unudulmayıb. Demək istədiyim odur ki, heç kimdən mələk düzəltmək lazım deyil”.
“Eyni adam 4 il fərqlə necə "xəyanətkar" və "qəhrəman" olur görəsən?”
BAXCP rəsmisi qeyd edib ki, o da digərləri kimi nə M.Əliyevin, nə də digərlərinin həbs olunmasının tərəfdarı deyil, lakin “Turan” İnformasiya Agentliyinin rəhbərindən mələk düzəltməyə də ehtiyac yoxdur: “Mən də sözügedən məktubun müəllifinin həbsdə olmasının tərəfdarı deyiləm. Amma 4 il öncə həmin məktuba görə müəllifi haqlı olaraq xəyanətdə suçlayanları və indi "azad media"nın müjdəçisi kimi qələmə verənləri də başa düşə bilmirəm. Bu mövqenin adı nədir? Eyni adam 4 il fərqlə necə "xəyanətkar" və "qəhrəman" olur görəsən? Ədalətli olmaq və ədalətli olmağa çalışmaq...bunlar ayrı-ayrı şeylərdir. Mövqeyinizi və yerinizi müəyyənləşdirin, biz də işimizi bilək. Mənim üçün daha çox başqa bir dövlətin başçısından siyasi dəstək istəyən şəxs olan bu adamın isə tez bir zamanda azadlığa qovuşmasını arzulayıram”.
Göründüyü kimi, E.Mirzəbəyli bu məsələdə ilginc məqamı xatırladıb və elə də uzaq olmayan dövrdə onun başqa bir dövlət rəhbərindən (?!-R.N.) siyasi umacaq umduğunu bildirib, eləcə də həmin məktubun nüsxəsini fakt olaraq ictimailəşdirib. Bununla da demək istəyib ki, əgər kimlərsə M.Əliyevi xalq hərəkatı dövründən “mübariz, əqidəli və vətənsevər insan” kimi təqdim edirlərsə, ortada olan məktubla həmin iddiaları müqayisə etsinlər və ədalət naminə haqlı mövqe nümayiş etdirsinlər.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB