“Azərbaycan enerji gəlirlərini açıq və şəffaf şəkildə ölkənin inkişafı, xüsusən də insan kapitalının formalaşdırılması üçün istifadə edir”
Həll olunmamış Dağlıq Qarabağ münaqişəsinə və işğal edilmiş ərazilərə baxmayaraq, Azərbaycan hökuməti ölkədə siyasi sabitliyin, demokratik inkişafın, iqtisadi çiçəklənmə və sosial rifahın təmin edilməsinə nail olmuşdur. SİA-nın məlumatına görə bu barədə Azərbaycan Prezident İlham Əliyev BMT Baş Məclisinin 65-ci sessiyasında çıxışı zamanı deyib.
Dövlət başçısı deyib ki, bu gün, Azərbaycan iqtisadiyyatı dünyada ən sürətlə inkişaf edən ölkələrdən biridir: "Yalnız son beş il ərzində Azərbaycan ümumi daxili məhsulunu təxminən üç dəfə artırmışdır.
Formalaşan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji dəhlizləri boyunca əsas ticarət marşrutlarının kəsişməsində yerləşən Azərbaycanın strateji-coğrafi mövqeyi ölkənin enerji və infrastruktur qovşağına çevrilməsində mühüm amildir. Azərbaycanda təsdiqlənmiş böyük neft və qaz ehtiyatları vardır və ölkəmiz yeni yataqların kəşf olunmasında yaxşı perspektivlərə malikdir. Azərbaycanda karbohidrogenlərin beynəlxalq bazarlara daşınması üçün müasir infrastruktur artıq yaradılmışdır. Bu infrastrukturdan beynəlxalq enerji təhlükəsizliyini şaxələndirə və gücləndirə biləcək neft və təbii qazın ixracı üçün istifadə edilir. Bu, qaz təchizatı üçün xüsusi əhəmiyyət kəsb edir. Təbii qazın təsdiqlənmiş 2 trilyon kubmetr, potensial qaydada 5 trilyon kubmetr və hətta ondan da artıq həcmdə ehtiyatlara malik olan Azərbaycan dünyada qaz bazarının sabit inkişafının təmin edilməsi işinə töhfəsini verməyə hazırdır. Azərbaycanın olduqca fəal qaydada qonşuları ilə işlədiyi digər qlobal səviyyədə mühüm layihə regional dəmir yolu xəttinin çəkilməsini və inkişafını nəzərdə tutur. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında bütün növ malların daşınması üçün böyük imkanlar yaradacaqdır.
Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün çox fəal üzvü kimi Azərbaycan enerji gəlirlərini açıq və şəffaf şəkildə ölkənin inkişafı, xüsusən də insan kapitalının formalaşdırılması və yoxsulluğun aradan qaldırılması üçün istifadə edir. Beləliklə, biz yoxsulluq səviyyəsini 2003-cü ildəki 49 faizdən 2009-cu ildə 11 faizə qədər azaltmağa nail olduq. Mən qətiyyətlə inanıram ki, qarşıdan gələn illərdə Azərbaycan davamlı inkişaf sayəsində bu sahədə daha böyük nailiyyətlər əldə edəcəkdir".
Prezident İlham Əliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan bütün dövrlərdə müxtəlif dinlər, etnik qruplar və fəlsəfələr arasında birgə yaşama və dözümlülük məkanı olmuşdur: "Sivilizasiyalar İttifaqının Dostlar Qrupunun fəal üzvü kimi Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqinə qarşılıqlı hörmət və anlaşma əsasında töhfə verir. Azərbaycan bu ilin yazında 32 dövlətin dini rəhbərlərinin Ümumdünya Sammitini təşkil etmiş, 2011-ci ilin aprelində Mədəniyyətlərarası Dialoq naminə Ümumdünya Forumunu keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Planetin istənilən guşəsinə təsir göstərə biləcək ən ciddi və uzunmüddətli çətinliklərdən biri iqlim dəyişikliyidir. Biz Azərbaycanda 2010-cu ili "Ekologiya ili" elan etmişik və ətraf mühitin qorunması sahəsində müxtəlif xüsusi proqramlar qəbul etmişik".
"Azərbaycan inkişaf edən və ən az inkişaf etmiş dövlətlərin, eləcə də təbii fəlakətlərdən əziyyət çəkən ölkələrin üzləşdiyi çətinliklərin aradan qaldırılması və zəruri ehtiyacların təmin edilməsinə xüsusi diqqət yetirərək, hamı üçün davamlı inkişaf və qlobal çiçəklənmənin təşviqinə tam dəstəyini nümayiş etdirir, dayanmadan səylər göstərir. Azərbaycan Birləşmiş Millətlər Təşkilatı çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərinin yerinə yetirilməsinə töhfəsini davam etdirəcəkdir", Azərbaycan Prezidenti deyib .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB