Azərbaycanın müdafiə nazirinin bəyanatı Ermənistanı qorxu içində saxlayır ANALİTİK

Azərbaycanın müdafiə nazirinin bəyanatı Ermənistanı qorxu içində saxlayır ANALİTİK

Erməni analitiklərini daha çox qorxudan növbəti amil Azərbaycanın S-500 "Prometey" və "Antey-4000" silahlarının potensial alıcısına çevrilməsidir

Ermənistanda yeni müharibə qorxusu istər ictimai rəyi, istərə də mövcud rejimi ciddi şəkildə vahimədə saxlamaqdadır. Xüsusilə, son dövrlərdə Azərbaycan-Rusiya yaxınlaşması və bu yaxınlaşma çərçivəsində müxtəlif istiqamətlərdə nümayiş etdirilən əməkdaşlıq işğalçı ölkəni müharibə xofundan ayıra bilmir.

"Hansı ekspertlər ki, yeni Ermənistan-Azərbaycan müharibəsi barədə proqnozlar irəli sürürlərsə, onlar böyük hesabla haqlıdırlar". SİA xəbər verir ki, bu barədə Ermənistanın 1in.am saytının rus dili bölməsinin analitik yazarı Sarqis Artsruni siyasi təhlilində qeyd edib.

(http://ru.1in.am/1197778.html)

Onun fikrincə, bu proqnozların əsasında Azərbaycanın silahlarla təchiz edilməsidir. S.Artsruniyə görə, sülhə hazırlaşan, yaxud sülhün bərqərar olmasını hədəfləyən ölkə bu kimi məsələlərdə mövcud miqdarda hücum silahlarına ehtiyac duymazdı.

Sarqis Artsruni: "Azərbaycan mövcud sistemləri almaq məqsədindədir ki, bu məqsəd ona lokal hərbi hərbi əməliyyatlar aparması ilə yanaşı, böyük masştablı müharibədə iştirakına da imkan verir"

Bu arada erməni analitik xatırladır ki, bugünlərdə Rusiyada "Armiya-2017" (Ordu-2017-R.N.) sərgi-forumunun açılmasına işarə edərək xatırladır ki, həmin sərgidə xarici hərbi mütəxəssislər tərəfindən ilk dəfə ən müasir zenit-raket sistemləri (ZRS) olan S-500 "Prometey" və "Antey-4000" silahları nümayiş olunacaq. S.Artsruni bu məqamda rusiyalı ekspertlərə istinad edərək qeyd edir ki, ən mümkün alıcılar sırasında Azərbaycan daxil olmaqla Çin, Hindistan, Vyetnam, Əlcəzair, Qazaxıstan, Türkiyə, Misir, İran, İrak, o cümlədən, Fars körfəzinin monarx dövlətləri – Küveyt, Səudiyyə Ərəbistanı, Qətər də var. "Belə ki, artıq 2019-cu ildə Rusiya silahlı qüvvələrində istifadə ediləcək S-500 "Prometey" və "Antey-4000" ZRS-ləri potensial alıcılara bağlı sərgidə təqdim olunacaq"-deyə yazan S.Artsruni əlavə edib ki, hərbi ekspertlər sözügedən silahların ən məşhur mişenləri, o cümlədən, ABŞ-ın istehsalı olan pilotsuz uçan aparatları məhv etmək gücündədir.

Bu faktorları əsas gətirən erməni analitiki hesab edir ki, əldə edilmiş informasiyalar bir neçə ilginc nəticələrə gətirib-çıxarır. SİTAT: "Azərbaycan mövcud sistemləri almaq məqsədindədir ki, bu məqsəd ona lokal hərbi əməliyyatlar aparması ilə yanaşı, böyük masştablı müharibədə iştirakına da imkan verir".

Lakin Artsruni digər tərəfdən, özünətəskinlik verməyi də unutmayaraq Bakının uzun müddətli qarşıdurmaya hazırlaşdığını qeyd edir və buna əsas kimi adıçəkilən silahların Rusiyanın hərbi arsenalına yalnız bir neçə ildən sonra daxil olunacağını göstərir. Yəni Azərbaycanın bu silahları almaq niyyətində olmasına baxmayaraq, Qarabağ münaqişəsinin bir neçə il də uzadılması ehtimalına işarə edir. Ancaq unudur ki, əslində, Azərbaycan Ordusu öz gücünü ötən ilin aprelində bu silahlar olmadan da göstərdi və hətta əlində olan ən müasir silahların 80-90 faizini Aprel müharibəsində istifadə belə etmədi. Nəticədə 2000 ha ərazi işğaldan azad olundu. Görünür, S.Artsruni bu məqamı tamamilə unudub, ya da xatırlamaq gücündə deyil.

"Bu, öz növbəsində Rusiya-Azərbaycan arasında yeni mərhələli və yeni keyfiyyətli hərbi-texniki əməkdaşlığından xəbər verir"

Ancaq buna baxmayaraq, erməni siyasi analitiki bəzi erməni ekspertlərindən fərqli olaraq hesab etmir ki, Ermənistanda anti-Rusiya ab-havasının əsməsi Moskvanı narahat edir və Rusiya da bu səbəbdən Azərbaycanla mövcud hərbi-texniki əməkdaşlığına son qoyacaq: "Reallıq tamamilə başqadır və bu reallıq belə nəticəyə imkan verir ki, Azərbaycan Rusiyanın müasir silahlarını alan ölkələr arasında ən mümkün alıcı rolunu qoruyub-saxlayır. Bu isə öz növbəsində Rusiya-Azərbaycan arasında yeni mərhələli və yeni keyfiyyətli hərbi-texniki əməkdaşlığından xəbər verir. Bütün bunlar isə Rusiyanın Ermənistan qarşısında müttəfiqlik öhdəliklərinin olması fonunda baş verir. Eyni zamanda Rusiya Qarabağ münaqişəsinin həlli məsələsində həmsədr rolunu oynayır".

Sonda analitik utopik xəyallara dalaraq, regionda militarizasiya (?-R.N.) həddinin yüksəlməsi baxımından, Ermənistanın xarici siyasətinin, eyni zamanda diplomatiyasının və s. əhəmiyyətli amillərinin dəyişdirilməli olduğunu yazır və bütün bunların Azərbaycanı beynəlxalq aləmdən təcridi üçün vacibliyini qeyd edir. Lakin bununla yanaşı, xam xəyallarının gerçəkləşməsi üçün Ermənistan hakimiyyətini yeni dövlət qurulması istiqamətində mühüm addımlar atmağa səsləyir.

Əlbəttə, erməni analitiki istər-istəməz təmsil olunduğu ölkənin mövqeyindən çıxış edir, ancaq ironik nüans budur ki, get-gedə müstəqilliyini və suverenliyini daha çox itirməyə başlayan Ermənistanın işğalçılıq siyasəti ucbatından mövcud vəziyyətə sürüklənməsi etirafını etmir.

Aram Amatuni: "Belə bir vəziyyət Ermənistanın xüsusi diqqətində olmalıdır"

Adıçəkilən sayta çıxış edən digər erməni analitiki Aram Amatuni də Rusiyada açılan hərbi sərgi barədə bənzər fikirlər irəli sürsə də, həmkarından fərqli olaraq, Azərbaycanla Ermənistanın hərbi balansı məsələsini önə çəkib. (http://ru.1in.am/1197824.html)

Məsələn, Amatuni bu günə qədər hansı ölkənin olduğu açıqlanmayan "İskəndər" raketlərinin Ermənistan ərazisindəki mövcudluğunu "əsas" gətirərək, bu istiqamətdəki hərbi balans üstünlüyünün guya Ermənistanda olduğunu bildirir, lakin sonrakı məqamda Bakının ermənilər üzərində böyük, ya da orta həddə üstün hərbi arsenala malik olduğunu da etiraf edir. Bununla yanaşı, Aprel müharibəsindən sonra erməni mövqelərinin möhkəmləndirildiyini iddia edən erməni analitik yeni müharibənin başlaya biləcəyini də istisna etmir.

Ümumiyyətlə, nala-mıxa döyəcləmək üsulu ilə baş verən prosesləri şərh edən Aram Amatuni bir tərəfdən "İskəndər" sistemlərini nümunə göstərərək, guya Ermənistanın Azərbaycan üzərində üstünlüyə malik olduğunu qeyd edir, digər tərəfdən onu narahat edən başqa bir reallığı təlaşla yazır. Bu reallıq isə Azərbaycanın müdafiə naziri Zakir Həsənovun bir neçə gün öncə Rusiyanın RİA Novosti rəsmi informasiya agentliyinə verdiyi müsahibəsidir. S-500-lərin Azərbaycan tərəfindən alınması ehtimalı və müdafiə nazirimizin Bakının "İskəndər" raketlərini vura bilmək gücünə malik olması barədə fikirlərinin ardınca erməni analitiki heyrət edərək yazır ki, Rusiya tərəfi azərbaycanlı hərbi nazirin açıqlamasına sakit yanaşıb. "Belə bir vəziyyət Ermənistanın xüsusi diqqətində olmalıdır"-qeyd edən A.Amatuni həmçinin yazır ki, qısa zamanda onun ölkəsi Aprel müharibəsindən də betər ciddi risklər qarşısında qalmalı olacaq.

Bununla bir daha əmin olmaq mümkündür ki, regionda baş verən proseslər fonunda Ermənistan öz zəifliyini, məhv olma təhlükəsi ilə üz-üzə qaldığını dərk edir, ancaq işğalçılıq faktoru ilə yanaşı, mehriban qonşuluq prinsplərindən də uzaq olması amili gec-tez təcavüzkar ölkənin Azərbaycan qarşısında diz çökməsi prosesini sürətləndirmiş olur.

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə