Soçi danışıqları nələri dəyişə bilər?

Soçi danışıqları nələri dəyişə bilər?

Dağlıq Qarabağla bağlı diplomatik təmaslar intensivləşir

Azərbaycan Soçidə Vladimir Putinlə Serj Sarkisyan arasında keçirilən görüşdən lazımı nəticə gözləyir. Ən azından Putinin Sarkisyanla danışıqları regiondakı vəziyyətin gələcək aqibətini müəyyənləşdirəcək. Daha öncə Azərbaycan prezidenti ilə bir araya gələn Vladimir Putin İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bir daha öyrənib. Üstəlik Azərbaycanın əsas alternativ kimi baxdığı hərbi müdaxilə bu gün də öz aktuallığını qorumaqdadır.

Moskva dəfələrlə bildirib ki, hərbi müsətvidə həlli yolverilməzdir, dolayısı ilə Kreml regionda müharibənin yenidən alovlanmasından ehtiyat edir. Rusiya hərbi müdaxilənin qarşısını almağa çalışsa da Azərbaycanın səbri tükənməz deyil. Bu baxımdan müharibə variantının aradan qaldırılması üçün işğal olunan ərazilərin bir hissəsinin boşaldılması şərtdir. Dağlıq Qarabağ problemində sülhə aparacaq digər seçim şansı qalmayıb. Çox böyük ehtimal ki, qeyd etdiyim amil Sarkisyanın diqqətinə çatdırılacaq. Seçim etmək isə qalır İrəvandakı rejimin özünə. Putin Sarkisyan danışıqları həm də mümkün müharibə zamanı Rusiyanın tutacağı movqey baxımından da önəmlidir.

İndiki halda siyasi prosseslər Moskvanı da çıxılmaz vəziyyətdə qoyub. Daha dəqiq desək, genişmiqyaslı hərbi qarşıdurma zamanı Rusiyanın yanaşması Azərbaycanın özü və müttəfiqləri tərəfindən diqqətlə izləniləcək. Kremlin açıq şəkildə istənilən müdaxiləsi münaqişənin qarşısı alınmaz savaş meydanına gətirib çıxaracağı da dəqiqdir. Putin üçün bu amil xüsusi əhəmiyyət daşımaqdadır. Yeni sanksiyalar fonunda Bakı və getdikcə yaxınlaşan Ankara kimi müttəfiqlərini itirmək Rusiya üçün yaxşı heç nə vəd etməz. Ukrayna hadisələrindən kifayyət qədər sarsılan Moskvanın da Cənubi Qafqazda da mövqeyinin zəifləməsi Kremlin xarici siyasət kursunun böyük yara almasına rəvac verər. Rusiya istəsə də, istəməsə də Dağlıq Qrabağda vəziyyətin nəzarətdən çıxmamasına çalışması Bakını razı salmaqdan keçir. Hərbi tendensiyanın arxa plana atılması üçün Bakını inandırmaq üçün status-kvonu dəyişmək lazımdır. Azərbaycanın beynalxalq səviyyədə tanınan ərazilərə nəzarət etməsi Dağlıq Qarabağ konfiliktinin gələcək aqibəti baxımından xüsusi əhəmiyyət daşımaqdadır. Hələlik isə diplomatik təmaslar sadəcə vaxt udmağa hesablanıb. Problemin həllində Rusiyanın açar olması danılmaz həqiqət olduğu qədər məntiqi nəıticəyə hesablanması da mühüm əhəmiyyət daşıyır.

Qısası Bakı Putin-Sarkisyan görüşündən çıxacaq hər bir nəticəyə hazırdır. Seçim edecək tərəflər bəlli, yalnış siyasi qərarların aqibəti də ortadadır.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə