MSK sədri Venesiya Komissiyasının katibi ilə görüşüb

Avropa Şurası (AŞ) Venesiya Komissiyasının katibi Tomas Markertin başçılıq etdiyi nümayəndə heyəti bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. SİA-ya MSK-dan verilən məlumata görə, Komissiya sədri rəhbərlik etdiyi qurumun hər zaman beynəlxalq qurumlarla münasibətlərə ciddi önəm verdiyini və Avropa Şurası, eyni zamanda Avropa Şurası Venesiya Komissiyası ilə səmərəli əməkdaşlıqdan məmnunluq duyduğunu bildirib. AŞ-ın Venesiya Komissiyası ilə MSK arasında uzun müddətdən bəri sıx əməkdaşlığın mövcud olduğunu vurğulayan Venesiya Komissiyasının katibi Azərbaycanın iqtisadi sahədə ciddi tərəqqi əldə etdiyini nəzərə çatdırıb və qeyd edib ki, bu resurslardan demokratiyanın inkişafı üçün də geniş istifadə olunmasından çox məmnundur.

 

Qonaqlar seçkilərin keçirilməsinə hazırlıqla ilə bağlı MSK-nın gördüyü işlərlə maraqlanıb. MSK-nın sədri seçici siyahılarının dəqiqləşdirilməsindən danışaraq bu prosesin yanvar ayndan başlandığını və hazırda da davam etdirildiyi söyləyib. O, rəhbərlik etdiyi qurumun həyata keçirdiyi maarifləndirmə proqramı barədə ətraflı məlumat verərək bu proqram çərçivəsində Şuranın Venesiya Komissiyası ilə birgə həyata keçirilmiş tədbirlərdən də söz açıb və oktyabr ayında aşağı seçki komissiyaları üçün trenerlərin hazırlanması ilə bağlı birgə treninqlərin təşkil ediləcəyini bildirib. MSK-nın sədri seçkiqabağı vəziyyət, gələcəkdə görülməsi planlaşdırılan işlər barədə də qonaqlara məlumat verib.

 

Qonaqlar MSK-nın Azərbaycanda seçkilərin təşkili və keçirilməsi sahəsində, habelə seçici siyahılarının dəqiqləşdirilməsi işində böyük uğurlar əldə etdiyini vurğulayıb, seçkilərə hazırlıqla bağlı görülən işlərdən razılıqlarını bildiriblər. Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurasının Venesiya Komissiyası arasında əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

 

Qeyd edək ki, Venesiya Komissiyası ilə MSK arasında əməkdaşlıq 2003-cü ildən başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə