“Dünya Ürək Günü” çərçivəsində Azərbaycan Tibb Universitetində tələbələrin iştirakı ilə seminar keçirilib

"Dünya Ürək Günü" ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) tərəfindən həftə ərzində silsilə tədbirlər həyata keçirilir. Bu gün "Dünya Ürək Günü" çərçivəsində Azərbaycan Tibb Universitetində tələbələrin iştirakı ilə seminar keçirilib. SİA-nın xəbərinə görə, AÜDCC-nin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri namizədi Kamran Musayev bildirib ki, artıq 10 ildir Dünya Ürək Federasiyası tərəfindən "Dünya Ürək Günü" qeyd edilir. Onun sözlərinə görə, Azərbaycanda ilk dəfə bu gün geniş səviyyədə qeyd edilir. Azərbaycanda səhiyyə sahəsinə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini deyən K.Musayev vurğulayıb ki, yeni səhiyyə ocaqları tikilib istifadəyə verilib, bəziləri əsaslı təmir olunub, müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunub.

"Bu gün səhiyyənin inkişaf edən əsas sahələrindən biri də kardiologiya sahəsidir. Lakin bu inkişaflara baxmayaraq, hələ də dünyada ürək xəstəliklərindən kifayət qədər ölüm halları qeydə alınır. Hər il ürək xəstəlikləri və iflic 17,1 milyon insanın həyatına son qoyur Bu da 82 % ölümün müşahidə olunduğu az və orta gəlirli ölkələrdə yaşayan insanların üzərinə düşən yükün artması ilə bağlıdır. İnsanların demək olar ki, yarısı ürək tutması və iflic də daxil olmaqla, xroniki xəstəliklərdən həyatlarının ən məhsuldar çağlarında 15-69 yaş arasında dünyalarını dəyişirlər. Vaxtından tez baş verən ölüm hallarının ən azı 80%-nin qarşısı sağlam pəhriz saxlamaq, müntəzəm olaraq idmanla məşğul olmaq və tütündən imtina etməklə alına bilər. Belə bir vəziyyətdə Dünya Ürək Federasiyası hökumət qurumlarını, peşəkar tibb işçilərini, sahibkarları və digər fərdi şəxsləribu yükün azaldılmasına çağırır. Bu il sentyabrın 26-da qeyd ediləcək "Dünya Ürək Günü" ərəfəsində Ümumdünya Səhiyyə Təşkilatı və Dünya İqtisadi Formunun tərəfdaşlığı ilə qlobal ürək-damar xəstəliklərinin 10 illik hesabatı açıqlanacaq, Ürək Federasiyasına üzv təşkilatlar və tərəfdaşları təşkil etdikləri milli fəaliyyət, həmçinin ictimai söhbətlər, gəzintilər, konsert proqramları, idman tədbirləri vasitəsilə "Dünya Ürək Günü"nü qeyd edəcəklər. "Dünya Ürək Günü" ilə əlaqədar Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən həftə ərzində silsilə tədbirlər həyata keçirilir", - deyə o əlavə edib.

Çıxışının davamında Kamran Musayev Azərbaycan Tibb Universitetinin tələbələri üçün ürək və damar cərrahiyyəsi və kardiologiya mövzularında seminar keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə