Türkiyə prezidenti Abdullah Gül BMT-nin 65-ci sessiyasında İsrailin nüvə siyasətini tənqid edib
Birləşmiş Millətlər Təşkilatının (BMT) 65-ci sessiyasında iştirak edən Türkiyə prezidenti Abdullah Gül təşkilatın ümumi sessiyasında çıxış edib. SİA-nın verdiyi məlumata görə, dövlət başçısı Türkiyənin yerləşdiyi bölgədə rast gəlinən problemlərə münasibət bildirib, bölgənin təhlükəsizlik məsələlərinə toxunub. A.Gül BMT İnsan Haqqları Şurasının 9 Türkiyə vətəndaşının İsrail tərəfindən öldürüldüyü "Mavi Mərmərə" basqını ilə əlaqədar hesabatını tərifləyib. Hesabatın həqiqəti əks etdirdiyini deyən Türkiyə prezidenti üzr və təzminat tələblərini təkrarlayıb.
Çıxışının "regional problemlər" başlıqlı hissəsində Türkiyə prezidenti Türkiyənin Orta Şərqdə əhatəli sülhü hədəfləyən bütün səyləri dəstəklədiyini vurğulayıb. Gül "İsrail silahlı qüvvələrinin may ayında beynəlxalq humanitar yardım aparan donanmaya açıq dənizdə etdiyi hücum dəhşətli itkilərə səbəb olmuşdur. Bu qəbuledilməz hərəkət beynəlxalq hüququn da açıq-aşkar pozuntusudur. Beynəlxalq hüquqa söykənərək deyə bilərik ki, Türkiyənin gözləntiləri İsrailin rəsmi olaraq üzr istəməsi və həyatını itirənlərin ailələrinə və yaralılara təzminat ödəməsidir" deyib.
Kütləvi qırğın silahlarının yayılmasının dünyanın qarşı-qarşıya qaldığı ən böyük risklərdən olduğunu vurğulayan Gül "nüvə silahına sahib olan ölkələr də daxil olmaqla BMT-nin bütün üzv dövlətləri öz siyasətlərində ədalətli və sadə bir yanaşma mənimsəmədikcə bu təhlükənin öhdəsindən gələ bilmərik" deyib. İsrailin nüvə gücünə üstüörtülü toxunan Türkiyə prezidenti bildirib ki, ən həssas bölgənin mərkəzindəki bəzi ölkələrdə nüvə silahının mövcud olduğu inkar edildiyi müddətdə qlobal səviyyədə bu silahın yayılmaması üçün təsirli bir mexanizmin tədbiqi mümkün olmayacaq. BMT Təhlükəsizlik Şurasının "Orta Şərqin kütləvi qırğın silahlarından təmizlənmiş bölgə" halına gətirilməsi istiqamətindəki səylərinin artırılmasının vacibliyini qeyd edən A.Gül 2010-cu il may ayında Nyu-Yorkda keçirilən "Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Razılaşması"nın (NRT) nəzərdən keçirildiyi konfransı xatırladıb və söyləyib ki, Orta Şərqin kütləvi qırğın silahlarından təmizlənməsi ilə bağlı 2012-ci ildə konfrans təşkil edilməsi istiqamətindəki çağırışları dəstəkləyir.
İranın nüvə məsələsinin sülh yolu ilə həllini istədiklərini deyən Gül bildirib ki, problemin həlli ancaq Beynəlxalq Atom Enerjisi Agenliyi və NPT-nin öhdəlikləri, eyni zamanda nüvə enerjisinin sülh məqsədləri üçün istifadə haqqına hörmət çərçivəsində mümkün ola biləcək. Türkiyənin bölgədə nüvə silahı istəmədiyini bir daha vurğulayan və bu problemə kiçik məsələ kimi baxmadıqlarını deyən A.Gül ölkəsinin vasitəçilik missiyasına toxunub: "Bir halda ki, anlaşılmazlıq var, bu iki yolla həll oluna bilər. Türkiyə şərqində müharibə istəməz, onun üçün bu məsələnin diplomatiya yolu ilə həllini istəyirik. Keçən illərdə müharibə ehtimalı daha çox idi. Bu ehtimalın tamamilə ortadan qalxdığını demək olmaz, amma diplomatiya bir az çalışmağa başladı".
Orta Şərqdə sülhün dünyada sülh və sabitliyin açarı olduğunu ifadə edən Gül təəssüf etdiyini dilə gətirib ki, bölgədə sülhün əldə edilməməsi dünyanın digər bölgələri üçün ciddi və mənfi strateji nəticələr doğurmaqdadır. Buna görə də Türkiyənin Orta Şərqdə sülhə çatmağı hədəfləyən bütün səyləri hər vaxt dəstəklədiyini ifadə edən Türkiyə prezidenti bu baxımdan ABŞ prezidenti Barak Obamanın səylərini təqdirlə qarşıladıqlarını, İsrail və Fələstin arasında birbaşa danışıqlarının başlanmasından məmnun olduqlarını söyləyib: "Bu yeni cəhdin bizləri ədalətli bir həllə yaxınlaşdırmasını diləyirik. Qəzzadaki insani faciəyə son verilmədiyi müddətcə sülh istiqamətində irəliləmə çox çətin olacaq".
Çıxışında İraq hadisələrinə də toxunan Türkiyə prezidenti 7 Mart parlament seçkilərinin İraq xalqı üçün yeni bir dövrün başlanğıcı olduğunu, bununla belə seçkilərdən sonra ortaya çıxan qeyri-müəyyənliyin ölkədəki təhlükəsizliyə mənfi təsir etdiyini bildirib. İraqda qurulacaq yeni hökumətin seçkilərin nəticələrini əks etdirməli olduğunu deyən Gül qeyd edib ki, bu hökümət təsirli və demokratik olmalıdır. Hərbi qüvvələrin ölkədən çəkildiyi bir dövrdə İraqın bütün qonşularını məsuliyyətli davranmağa, ölkənin ərazi bütünlüyünü, siyasi birliyini və suverenliyini dəstəkləməyə çağıran dövlət başçısı "hamımız İraq xalqının daha yaxşı bir gələcək axtarışına köməkçi olmalıyıq" ifadəsini işlədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB