Türkiyə prezidenti: "İranla bağlı problem ya müharibə, ya diplomatiya yolu ilə həll olunacaq, biz ikinci yolun tərəfdarıyıq"

ABŞ-da səfərdə olan Türkiyə prezidenti Abdullah Gül "TRT Haber" kanalına müsahibəsində İranla Qərb arasındakı nüvə böhranının həlli üçün Ankaranın əlindən gələni etdiyini söyləyib. SİA-nın məlumatına görə, Prezident "Problem ya müharibə, ya da diplomatiya yolu ilə həll olunar. Biz diplomatiya yolu ilə həll olunması üçün fövqəladə səy göstəririk" deyib.

Türkiyənin bölgəsində nüvə silahı istəmədiyini bir daha vurğulayan və bu problemə kiçik məsələ kimi baxmadıqlarını deyən Abdullah Gül ölkəsinin vasitəçilik missiyasına toxunub: "Biz deyirik, bir halda ki, anlaşılmazlıq var, bu iki yolla həll oluna bilər. Türkiyə şərqində müharibə istəməz, onun üçün bu məsələnin diplomatiya yolu ilə həllini istəyirik. Keçən illərdə müharibə ehtimalı daha çoxdu. Bu ehtimal tamamilə ortadan qalxdı demirəm, amma diplomatiya bir az çalışmağa başladı".

Abdullah Gül müsahibədə İsrailin "Mavi Mərmərə" gəmisinə hücumuna da toxunub. Qəzzadakı insalıq dramına bütün dünyanın şahid olduğunu deyən prezident yardım karvanında yalnız Türkiyənin deyil, başqa ölkələrin vətəndaşlarının da olduğunu xatırladıb.

Gül İsrail prezidenti Şimon Peres ilə görüşüb-görüşməyəcəyi haqda sualın cavabında qeyd edib ki, proqramda belə bir görüş nəzərdə tutulmayıb, belə bir tələb də gəlməyib: "Türkiyə ilə İsrail arasında bir düşmənçilik yoxdur, ancaq ortada yaşanan bir olay və 9 vətəndaşımızın haqqı var"

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...