"Qarabağ cəbhəsində atəşkəsin pozulması yeni silahlı münaqişə yaranması qorxusunu artırır"
Sentyabrın 21-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin ofisində Bundestaqın elmi işçisi, siyasi elmlər üzrə mütəxəssis Hayko Langner "Geopolitik təsir və gərginləşən təhlükəsizlik mühitində Dağlıq Qarabağ münaqişəsi" adlı mühazirə təqdim edib.
SİA-nın məlumatına görə, tədbiri təşkil edən AAKM-in icraçı direktoru Samirə Patzer-İsmayılovanın Diasporla İş üzrə Dövlət Komitəsinə verdiyi xəbərə bildirilir ki, Hayko Lanqner öz məruzəsində Qarabağ mühaqibəsi ilə bağlı mühüm məqamlara yer ayırıb. Siyasətçi qeyd edib ki, 1994-cü ildə münaqişə tərəfləri arasında atəşkəs haqqında anlaşma əldə olunduğu zamandan bəri ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində vasitəçilik etməyə çalışır. Münaqişə tərəfləri isə öz başlanğıc mövqeyindən dönməyib. Azərbaycan tərəfi dövlətin suverenliyini, ərazi bütövlüyünü tənzimləyən beynəlxalq qanunvericiliyə istinad edir, işğal olumuş torpaqlarının qeyd-şərtsiz geri qaytarilmasını tələb edir, Ermənistan isə zəbt etdiyi ərazilərdən geri çəkilmir, Dağlıq Qarabağda qondarma dövlət yaradıb, üstəlik münaqişənin həllində Dağlıq Qarabağın erməni icmasının tərəf kimi qəbul olunmasını istəyir.
ATƏT-in Minsk qrupunun göstərdiyi səylərə baxmayaraq, münaqişənin qısa zamanda həll ediləcəyi ehtimalı azdır deyən Hayko Lanqner əlavə edib ki, əksinə, son vaxtlarda Qarabağ cəbhəsində atəşkəsin pozulması halları intensiv xarakter alıb və bunun yeni silahlı münaqişə yaranması qorxusunu getdikcə artırır.
Tədbirin davamında Hayko Lanqner işğal edilmiş Azərbaycan ərazilərindən alman jurnalistlərinin 2010-cu ildə çəkdiyi və Şuşa, Laçın, Xankəndi, Ağdam, Əsgəran bölgələrindəki erməni vəhşiliklərini əks etdirən fotoları nümayiş etdirib.
Tədbirdə 1990-cı illərdə Almaniyanın ATƏT-in Minsk Qrupunda nümayəndəsi olmuş Dr. Frank Lambax, Bundestaqın elmi işçisi xanım İvon Bexlayn, Azərbaycanın Almaniyadakı Səfirliyinin əməkdaşları, dramaturq, jurnalist Lutz Layxtfus, doktorant və tələbələr, Azərbaycan və türk diaspor təşkilatlarının təmsilçiləri iştirak ediblər.
Məruzədən sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Məhz bu mövzuda tədbirin keçirilməsi Berlindəki erməni diasporunun nümayəndələrinin narahatlığına səbəb olub.
Qeyd edək ki, Hayko Langner şimal-şərqi Avropa, Rusiya, Türkiyə, Qafqaz regionu üzrə mütəxəssisdir, bu bölgələrdəki proseslərə dair çoxlu məqalənin müəllifidir. 2009-cu ildə "Şərqi Qafqaz, Dağlıq Qarabağ, Abxaziya, Şərqi Osetiya-identitet, xalq hüquqları, geostrateji maraqlar mühitində" adlı kitabı nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB