Nazir Əli Abbasov ABŞ-a səfəri çərçivəsində bir sıra görüşlər keçirib
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Həmədan Ture və UNESKO-nun baş direktoru İrina Bokovanın dəvəti ilə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov 17-20 sentyabr tarixlərində BMT-nin Baş Assambleyası çərçivəsində keçirilən Minilliyin İnkişaf Hədəflərinə həsr olunmuş "Genişzolaqlı Rəqəmli İnkişaf üzrə Komissiya"sının iclasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərində səfərdə olub.
Nazirlikdən SİA-ya verilən məlumata görə, iclasda komissar qismində iştirak edən nazir Azərbaycanın İKT sektorunda aparılan islahatlar, həyata keçirilən planlar, regional və beynəlxalq layihələr haqqında iştirakçılara məlumat verib və BMT-nin baş katibinə təqdim edilməsi üçün komissiya tərəfindən hazırlanmış yekun hesabatın və xüsusi bəyannamənin hazırlanmasında iştirak edib və nəticədə bəyannamə qəbul olunub.
Bəyannamədə Azərbaycan Sinqapur və Yeni Zelandiya ilə birlikdə xüsusi dövlət siyasəti nəticəsində İKT-nin tətbiqində ən dinamik inkişaf nümayiş etdirən ölkələr kimi qiymətləndirilib.
Komissiyanın iclasında dünyanın müxtəlif ölkələrini təmsil edən rəsmilər, aparıcı İKT şirkətləri, qeyri-hökumət təşkilatları, beynəlxalq təşkilatların rəhbərləri və BMT-nin baş katibi Pan Ki Mun iştirak edib. İclas müddətində nazir Əli Abbasov Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Həmədan Ture, YUNESKO-nun baş direktoru İrina Bokova, Koreya Respublikasının Milli İnformasiya Cəmiyyəti Agentliyinin prezidenti Kim Seanq-Tae, Finlandiyanın rabitə naziri Suvi Linden, Avstraliyanın genişzolaqlı internet, rabitə və rəqəmli iqtisadiyyat naziri Stefen Konroy və digər komissarlarla ikitərəfli görüşlər keçirib.
Səfərin ikinci günü nazir Əli Abbasov BMT baş katibinin müavini Şa Zukanq tərəfindən qəbul edilib. Ş. Zukanq Azərbaycanın son illərdə İKT sahəsində apardığı işləri region üçün əhəmiyyətli və beynəlxalq birlik üçün "gözəl nümunə" kimi qiymətləndirib. O, BMT-də qətnaməsi qəbul edilmiş Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsini Qərblə Şərqi birləşdirəcək mühüm qlobal layihə adlandırıb və bu layihənin reallaşmasında öz daimi dəstəyini əsirgəməyəcəyini bildirib. Ş. Zukanq cari ilin 23-26 noyabr tarixlərində Bakı şəhərində keçiriləcək beynəlxalq "BakuTel-2010" sərgi-konfransının region üçün mühüm hadisə olduğunu bildirib və tədbirdə iştirak edəcəyini qeyd edərək bu iştirakı zamanı Azərbaycanın uğurları ilə yerində tanış olacağını bəyan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB