ADU-da 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin xatirəsi yad edilib

Sentyabrin 23-də 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş Ülvi Bünyadzadənin anadan olmasının 41 illiyi münasibətilə anım mərasimi keçirilib. Azərbaycan Dillər Universitetinin(ADU) İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab Kazımovanın SİA-ya verdiyi məlumata görə, mərasimdən əvvəl universitetin müəllim-tələbə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, şəhidin məzarı önünə tər qərənfillər düzüblər.

Tədbir ADU-da şəhidin adını daşıyan muzey-lektoriyanın qarşısında davam etdirilib. Öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev və Ülvinin atası Yusif Bünyadzadə də iştirak edib.

Tədbiri Tələbə Gənclər Təşkilatı nəzdində " Ülvi" vətənpərvər klubunun sədri, Tərcümə fakültəsinin tələbəsi Kamil Zeynalov açaraq Ülvinin vətən uğrunda göstərdiyi şücaətdən danışıb.

Mərasimdə çıxış edən ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, Fəlsəfə kafedrasının professoru Məhəmməd Teymurlu Ülvi haqqında xatirələrdən söhbət açıblar.

Şəhidin ADU-da təhsil alan hər bir tələbənin cəsarət nümunəsinə çevrilməsindən danışan Məhəmməd Teymurlu Ülvinin qəlblərdə əbədi yanar məşəl yandırdığını qeyd edib.

Ülvinin qəhrəmanlığından, cəsarətindən ADU-nun tələbələri də danışıb. Filologiya fakültəsinin 4-cü kurs tələbəsi Könül Yaqubova Ülvinin onun üçün qürur mənbəyi olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. "Mən fəxr edirəm ki, Ülvinin təhsil aldığı universitetdə oxuyur, onun oturduğu auditoryada dərs keçirəm"-deyə o, bildirib.

ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin 273-cü qrup tələbəsi Əmir Hacılı və 359-cu qrup tələbəsi Aytən Hüseynova Ülvinin əsgərlik xatirələrində yazdığı şeirlərini söyləyiblər.

Mərasimin sonunda çıxış edən Ülvinin atası Yusif Bünyadzadə oğlunun uşaqlıqdan vətənə olan sevgisindən söz açıb. Azərbaycanın qəhrəman oğullar yetişdirdiyinə toxunan Yusif Bünyadzadə, Ülvinin göstərdiyi iğidliyə görə fəxr etdiyini deyib. O, universitetin rektoru, professor Səməd Seyidova və tədbiri təşkil edənlərə öz minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə