“Keçirilən müşavirələr kənd təsərrüfatına göstərilən diqqətin bariz nümunəsidir” ŞƏRH
“2004-cü ildən etibarən ölkəmizdə mərhələli şəkildə həyata keçirilən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramları nəticəsində regionlarda ümumi inkişafın maddi-texniki bazası yaradılıb, rayonlarımızın siması dəyişdirilib, infrastruktur təzələnib, ümumilikdə regionlarımızda tamamilə başqa bir ab-hava yaranıb”. Bu fikirləri SİA-ya Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Fəzail İbrahimli deyib.
Dövlət başçısının regionlara hər səfərinin böyük əhəmiyyət daşıdığını qeyd edən F. İbrahimli söyləyib ki, Azərbaycan Prezidentinin hər səfəri regionlarımızın daha da işlək vəziyyətə gətirilməsinə səbəb olur:
“Çünki Ölkə başçısının səfər etdiyi hər bir rayonda böyük obyektlər açılır, müəssisələr işə düşür”.
Son illərdə Azərbaycan Prezidentinin kənd təsərrüfatı sahəsinə yüksək diqqət göstərdiyini dilə gətirən deputatın sözlərinə görə, məhz bunun nəticəsində də pambıqçılıq, üzümçülük, fındıqçılıq, tütünçülük və digər sahələrin inkişafına böyük önəm verilir: “Azərbaycan Prezidentinin bir müddət bundan öncə Sabirabadda, avqustun 4-də isə Qaxda keçirdiyi müşavirə kənd təsərrüfatı sahəsinə göstərilən diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyevin həmin müşavirələrdə söylədiyi hər bir fikir proqram xarakteri daşıyır, qarşıya böyük məqsədlər qoyur. Bu müşavirələr prezidentin irəli sürdüyü strateji kursun reallaşması yolunda atılan praktiki addımlara, bütövlükdə vətəndaşlarımızın rifahının daha da yaxşılaşmasına, ölkənin sosial-iqtisadi inkişafının gücünə və regionda qüdrətli Azərbaycan dövlətinin növbəti güclü addımlarına gətirib çıxaracaq”.
Avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramının təsdiqləndiyini xatırladan komitə üzvü əlavə edib ki, Azərbaycan üzümçülük, pambıqçılıq, tütünçülük sahəsində kifayət qədər təcrübəsi olan bir dövlət olduğu üçün bu işin öhdəsindən də uğurla gələcək: “Ölkəmizdə bu sahənin inkişafına rəvac verəcək mühit var. Güman edirəm ki, dövlət proqramı bu sahənin inkişafına kifayət qədər imkan yaratmaqla yanaşı, regionlarımızda insanların işlə təmin olunmasına mühüm şərait yaradacaq. Əminəm ki, biz də qısa zaman kəsiyində bu inkişafı görəcəyik”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB