Milli Məclisin payız sessiyasında “Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun I oxunuşa çıxarılacaq

Bu gün Milli Məclisinin Aqrar siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda ilk növbədə komitənin 2010-cu ilin yaz sessiyası ərzində gördüyü işlərə dair hesabatı dinlənilib. Hesabat haqqında məlumat verən komitə sədri Eldar İbrahimov yaz və növbədənkənar sessiyası ərzində 5 iclasın keçirildiyini deyib. O bildirib ki, bu iclaslarda 8 məsələ, o cümlədən 6 qanun layihəsi müzakirə olunub. Onun sözlərinə görə, hesabat dövründə komitəyə 94 ərizə, şikayət və müraciət daxil olub ki, onların bəziləri aidiyyəti qurumlara göndərilib. E. İbrahimov söyləyib ki, komitəyə daxil olan şikayətlərin bəziləri anonim göstərildiyinə görə həmin məsələlər həll olunmamış qalıb. E. İbarhimov ötən sessiyanı məhsuldar adlandırıb.

İclasın davamında komitənin 2010-cu ilin payız sessiyası üçün qanunvericilik işləri planı təsdiqlənib. Bildirilib ki, payız sessiyasında "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi I oxunuşa təqdim olunacaq, bir sıra qanunlara əlavə və dəyişikliklər ediləcək.

Daha sonra "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi komitə üzvlər arasında müzakirə edilib. Bildirilib ki, qanun layihəsi komitənin deputatları tərəfindən hazırlanıb, 20-dən artıq dövlət təşkilatlarına rəy üçün göndərilib. Qeyd edilib ki, qanun layihəsi 8 fəsil və 47 maddədən ibarətdir və qanun ölkədə kənd təsərrüfatının inkişafına, daxili bazarın qorunmasına təkan verəcək. Bundan əlavə iclasda bildirilib ki, hazırda Azərbaycanda 179 kənd təsərrüfatı kooperativi var.

Layihə haqqında fikirlərini bildirən komitə sədri bu qanunun kolxoz-sovxoz yaradılması istiqamətində bir addım olması barədə deyilənlərin doğru olmadığını bildirib. Onun sözlərinə görə, kooperasiya olmaq məcburi deyil, könüllüdür. Onun sözlərinə görə, bu qanun kənd təsərrüfatında məhsul istehsalı ilə yanaşı, bazarda qiymət artımının da qarşısını alacaq.
İclasın davamında komitə üzvləri də layihə haqqında öz fikirlərini bildiriblər. Deputatlar belə bir qanunun qəbul olunmasını zəruri hesab ediblər. Sonda layihə parlamentin iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə