Emil Karanikolov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ilə görüşüb

Emil Karanikolov Əmlak Məsələləri Dövlət Komitəsinin sədri ilə görüşüb

Bolqarıstan Respublikasının dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi sahəsində səlahiyyətli qurumu olan Özəlləşdirmə və Özəlləşmədənsonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolov 22 sentaybrda Bakı şəhərinə 5 günlük səfərə gəlib.

Komitədən SİA-ya verilən məlumata görə, səfər Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşmədənsonra Nəzarət Agentliyi arasında qarşılıqlı əməkdaşlıq əlaqələri çərçivəsində baş tutub.

Sentyabrın 23-də Emil Karanikolovun Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovla görüşü keçirilib. Görüşdə Bolqarıstanın fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinov da iştirak edib.

Qonaqları səmimi salamlayan komitə sədri Azərbaycanla Bolqarıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin daima inkişaf etdiyini məmnunluqla vurğulayıb. Komitə sədri ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə başlamış və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində qazanılmış nailiyyətlərdən, həyata keçirilən iqtisadi islahatlardan, Azərbaycanın dünyada gedən böhrana baxmayaraq iqtisadiyyatının inkişafı templərindən, habelə regionların inkişafı, işsizliyin aradan qaldırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlər və əldə olunan nailiyyətlər barədə söhbət açıb.

Qeyd edilib ki, hazırda iqtisadiyyatın müxtəlif sahələrində islahatlar uğurla davam etdirilir, Azərbaycan bir sıra iri regional layihələrin fəal iştirakçısıdır.

Kərəm Həsənov Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ötən il yaradılmış Əmlak Məsələləri Dövlət Komitəsinin beynəlxalq əməkdaşlığa xüsusi önəm verildiyini qeyd etmiş, fəaliyyət sahələrində səmərəliyin daha da artırılması məqsədi ilə beynəlxalq təcrübədən istifadənin zəruri olduğunu vurğulayıb.

Eyni zamanda qonaqlara dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və kadastrı sahəsində həyata keçirilən işlər və əldə olunmuş nəticələr barədə ətraflı məlumat verilib.

Öz növbəsində Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşmədənsonra Nəzarət Agentliyinin direktoru Emil Karanikolov səmimi qəbula görə dərin minnətdarlığını bildirmiş və səfərdən məmnun olduğunu qeyd edib. Karanikolov ölkəmizin inkişafı, aparılan quruculuq işləri və əldə edilən nailiyyətlərin onlarda xoş təəssürat doğurduğunu bildirib.

Karanikolov Bolqarıstanda həyata keçirilən iqtisadi islahatlardan və özəlləşdirmədən məlumat vermiş, ölkələrimiz və hər iki ölkənin prezidentləri arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından geniş danışıb.

Görüş çərçivəsində iki ölkənin özəlləşdirmə qurumları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də bu sahədəki təcrübələrin artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkil olunması, informasiya mübadiləsi sahəsində müzakirələr aparılıb.

Görüşün sonunda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Bolqarıstan Respublikasının Özəlləşdirmə və Özəlləşmədənsonra Nəzarət Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə