“Qarabağ”ın bütün namizədləri seçki dairələrində qeydə alınıb

“Qarabağ”ın bütün namizədləri seçki dairələrində qeydə alınıb

"Qarabağ" siyasi partiyalar blokunun parlament seçkilərinə irəli sürdüyü bütün namizədləri dairə seçki komissiyalarında qeydə alınıb. SİA-ya bu haqda məlumat verən bloka daxil olan partiyalardan biri, Ümid Partiyası Ali Məclisinin sədri Ənvər Ağazadə imzatoplama kampaniyasının davam etdiyi bildirib. O, hələlik yalnız bir nəfərin, Ümid Partiyasının sədri İqbal Ağazadənin namizədliyinin dünən qeydə alındığını deyib.

 

Müxalifət partiyalarının yaratdığı siyasi bloklar içərisində hansının seçkilərdə uğur şansının çox olmasına gəlincə, Ali Məclisin sədri təmsil etdiyi blok barədə iddialı danışıb. Qeydiyyatdan keçən seçki blokları içərisində ən çox səs qazana bilənin "Qarabağ" bloku olduğunu söyləyən Ümud funksioneri bunu seçkilərə yaxşı hazırlıq və uğurlu işlə əlaqələndirib: "Digər bloklar bizim rəqiblərimiz olduğundan onların fəaliyyətini izləyirik. Hesab edirəm ki, "Qarabağ" bloku qədər uğulu seçki kampaniyasını aparan ikinci bir blok yoxdur. Əminəm ki, blok seçkilərdə digər bloklardan daha çox səs toplayacaq. Həm də blokun adının Qarabağ olması bizim əlavə üstünlüyümüzdür. Qarabağ həm də bizim ümummilli problemimizdir. Hesab edirəm ki, seçicilər bu məsələyə həssaslıqla yanaşaraq səs verəcəklər".

 

Yaradılan seçki bloklarının seçkilərdə siyasi situasiyadan asılı olaraq bir-birinin namizədlərini dəstəkləməsinin isə Ə.Ağazadə mümkün olmadığını bildirib: "Bu çox çətin məsələdir. Çünki, hər bir dairənin namizədləri demək olar ki, üst-üstə düşür, onlar bir-birinə rəqibdirlər. Amma seçkilərin müşahidəsi, seçkilərin demokratik keçirilməsi ilə bağlı əməkdaşlıq mümkündür".

 

"Müxalifət partiyaları bloklaşma siyasətində daha irəli gedə bilərdimi" sualına cavab olaraq Ali Məclisin sədri hesab edir ki, mümkün olan nə idisə edilib: "Seçki kampaniyasının başlanmamasından xeyli əvvəl müxalifət partiyalarının vahid bir blokda birləşməsi ilə bağlı uzun müzakirələr aparıldı. Son nəticə göz qabağındadır. Hansı partiyaların bir-biri ilə əməkdaşlıq etməsi mümkün idisə, həmin partiyalar da bir seçki blokunda təmsil olundular. Amma istəklər tamam başqa idi. Ümid Partiyası olaraq biz də istəyirdik ki, müxalifətin vahid bloku yaradılsın. Çox təəssüf ki, bu mümkün olmadı".

Bütün xəbərlər Facebook səhifəmizdə