Yaxud, ənənəvi müxalifət son şansından istifadə etməyi düşünsə də...
Artıq bir neçə gündür ki, ölkənin siyasi kuluarlarında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlının təşəbbüsü ilə ənənəvi müxalifət partiyalarının keçirdikləri gizli görüşləri ətrafında müxtəlif müzakirələr aparılmaqdadır. AXCP, Müsavat, “MSDM”, VİP, KXCP, BAP, AzDP, ADP, AXP və s. partiya sədrlərinin iştirak etdikləri görüşün əsas məqsədinin 2018-ci il prezident seçkiləri ilə bağlı olması, eləcə də seçkilər ərəfəsində blok və birliklərin yaradılması ətrafında baş tutmuş görüşdə konkret nəticələr əldə olunmasa da, “ölü” müxalifətin “dirilmək” üçün çaba göstərməsi göz önündədir. Daha dəqiq desək, ənənəvi düşərgə “liderləri” bu dəfə siyasi arenadan tamamilə silinməmələri üçün son şasnlarından istifadə etməyi dü.ünürlər, amma...
Amma fakt budur ki, 25 ilə yaxın dövr ərzində heç bir seçkidə qalibiyyət ala bilməyən, xalqın dəstəyindən mərhum olan düşərgə mənsublarının bu dəfə hər hansı yekdil fikir, yaxud da təşəbbüs ətrafında bir araya gələ bilmələri mümkünsüz görünür.
YAP İcra karibinin müavini, millət vəkili Siyavuş Novruzov: "Seçkiyə hazırlıq başqadır, iştirak başqa və o cür iştirak da ancaq məğlubiyyətlə nəticələnə bilər”
Yeri gəlmişkən, istər radikal və dağıdıcı, istərsə də loyallığa meylli müxalifətin əldə edə bilmədikləri siyasi uğursuzluqlarının Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov tərəfindən səbəblərinin açıqlanması maraqdoğurucudur. Bu səbəblərdən biri və birincisi ictimai-siyasi dəstək görməyən müxalifətin təmsil olunduğu arenada dəyişilməz olaraq qalması və “qocalmasıdır”. “Azərbaycanda müxalifət qocalıb, yəni eyni şəxslər, eyni simalardır"-deyə qeyd edən Siyavuş Novruzova görə, dünya praktikasında belədir ki, siyasi təşkilatlar bir neçə dəfə seçkidə iştirak edirsə və uğur qazana bilmirsə, onların rəhbərliyində və tərkibində geniş dəyişikliklər olur və yaxud da o təşkilat uzun müddət siyasətdən çəkilir: “Bizdə isə müxalifət partiyaları çalışır ki, hansı formada olursa-olsun, seçki prosesində iştirak etsinlər. Onlar seçki rəsmi şəkildə elan olunandan sonra seçkiyə hazırlaşırlar. Seçkiyə hazırlıq əslində, daha əvvəldən başlamalıdır. Azərbaycanda müxalifət partiyaları ömür boyu seçkilərə hazırlaşmayıblar. Sadəcə olaraq, seçkidə iştirak ediblər. Seçkiyə hazırlıq başqadır, iştirak başqa və o cür iştirak da ancaq məğlubiyyətlə nəticələnə bilər. Çünki müxalifətin sosial bazası, elektoratı, kadr bazası yoxdur, yeni proqramlarla çıxış edə bilmirlər. Bu gün Azərbaycanda ölkə rəhbərliyi, iqtidar tərəfindən problemlər öyrənilir, vaxtında onların həlli tapılır. Cəmiyyət isə mütəmadi olaraq əhalinin güzəranının yaxşılaşdırılmasını, yeni iş yerlərinin açılmasını, iqtisadi və sosial islahatların aparılmasını, abadlıq, quruculuq işlərinin həyata keçirildiyini görür. Müxalifət isə bu günə kimi hər hansı alternativ layihə ortaya qoya bilməyib”.
Millət vəkili bildirib ki, müxalifətin seçkilərdə iştirakının əsas məqsədi pul qazanmaqdır: “Çalışırlar ki, xaricdən vəsait əldə etsinlər. Bu gün xaricdə Azərbaycanı gözü götürməyən qüvvələr, xüsusilə erməni lobbisi var. Azərbaycanda marağı olan bəzi dövlətlər və təşkilatlar, ölkəmizin güclü olmasını istəməyən qüvvələr var və bunlar seçkilərdə bu və ya digər şəkildə pozuculuq işləri həyata keçirməyə və seçki prosesinin üzərinə kölgə salmağa, dövlətimiz haqqında mənfi rəy formalaşdırmağa cəhd edirlər. Həmin qüvvələr isə pozucu cəhdləri bu cür insanlar vasitəsilə həyata keçirməyə çalışırlar”.
Beləliklə, fakt budur ki, düşərgə təmsilçilərinin siyasi uğur əldə edə bilməmələrinin əsas kökü elə özlərindəcə axtarılmalıdır. Çünki şəxsi maraqları və fərdi siyasi dividentlərini xalqın maraqlarından üstün tutan ənənəvi müxalifət başqa heç nə barədə düşünməyib, hətta ölkənin önəmli ictimai-siyasi proseslərində xarici havadarlarına belə qulluq göstərərək, anti-dövlətçilik maraqlarından çıxış edib. Əlbəttə, belə bir müxalifət sözdə müxalifət hesab olunur və onların xalqla, dövlətlə heç bir əlaqələri olmayıb, indi də yoxdur.
Alternativ AXCP-nin sədr müavini Məhəmməd Əsədullayev:“Müsavat, “Milli Şura” və “Yurd”un birləşmək cəhdləri baş tutmayacaq”
Razi Nurullayevin sədri olduğu alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Məhəmməd Əsədullazadə isə hesab edir ki, fəallaşmaq niyyətində olan 1990-cı illərin siyasilərinin fəaliyyəti fiaskoya uğrayacaq: “Belə görüşlər onların biri-birlərinə qarşı etimadının formalaşmasına səbəb yaratmayacaq. Çünki özlərinə qarşı inamsızlıqlarını özləri də görürlər”.
Lakin o, ənənəvi müxalifətin köhnə qaydada siyasət yürütmələrindənsə, onları məhz təmsil olunduğu partiya – alternativ AXCP-yə dəstək verməyə çağırış edib. Xüsusilə, AXCP sədri Əli Kərimlinin ətrafında olanları çağırış edən M.Əsədullazadə deyib: “Müsavat, “Milli Şura” və “Yurd”un birləşmək cəhdləri baş tutmayacaq. Xalq onlara inanmır, rəğbət bəsləmir. Xalqın dəstəyindən məhrum olan ənənəvi siyasilərin yeri bağ evlərində dincəlməkdir.Hesab edirəm ki, siyasi dəyişikliklər istəyən digər partiyaların AXCP ətrafında birləşmələri daha məqbuldur”.
ADR hərəkatının departament rəhbəri Rövşən Dəmirli: “Danışdıqdan sonra dağılışıb öz evlərinə gedirlər”
Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təşkilati məsələlər üzrə departamentinin rəhbəri Rövşən Dəmirli isə mətbuata verdiyi açıqlamasında ənənəvi müxalifətin bu dəfə də müsbət nəticəyə nail olacağına inanmadığını bildirib. Hərəkat yetkilisi hesab edir ki, tarixin heç bir dönəmində Azərbaycanın ənənəvi müxalifəti birləşə bilməyib, birləşsə də heç nəyə nail ola bilməyib: “Müzakirələrin nəticəsi seçilən mövzu ətrafında partiyaların anlaşıb-anlaşmayacağından asılıdır. Partiyaların hansı məqsədlə bir araya gəldikləri də məlum deyil. Əslində müxalifət qurumlarının bir yerdə hansısa məsələ ətrafında müzakirə aparmaları təqdirəlayiq haldır. Amma nəzərə almaq lazımdır ki, bu müzakirələri təşkil edənlər ənənəvi müxalifətin ənənəvi simalarıdır. Bəziləri də var ki, bir “papkası”, bir də özüdür. Adları müxalifətdir, özləri yox. Əgər bir yerə toplanırlarsa, işləri uğurlu olsun. Amma qarşıda onların belə təmaslarla hansısa nəticə əldə edəcəklərinə inanmıram. Bunu uzun müddət müxalifətdə təcrübəsi olan adam kimi deyirəm. Bu adamlar həmişə bir yerə gəlib uzun müddət danışır, sonra da dağılışıb hərə öz evinə gedir”.
“Bu görüşdə iştirak edən siyasi təşkilatların seçkilərlə bağlı hansısa birlik quracaqları ehtimalı gözlənilən deyil”
Maraqlıdır ki, görüşdə müsavatçıların da iştirak etməsinə rəğmən, hətta sabiq Müsavat başqanı İsa Qəmbərin sədri olduğu “MSDM” adından iştirak etməsinə baxmayaraq, digər Müsavat yetkilisi, hazırkı başqan Arif Hacılının müavini Elman Fəttah da həmin görüş və nəticələri barəsində müsbət heç nə deməyib. O, deyib ki, sonuncu müzakirələrdə iştirak edən müxalifət qurumlarının eyni birlik daxilində seçkilərə gedəcəkləri ehtimalı aşağı səviyyədədir və nədənsə, həmin görüşün siyasi amillərə toxunmadığını bildirib. Ancaq buna rəğmən, birliklərin yaradılmasına ümumiyyətlə inanmadığını da vurğulayıb: “Bu görüş barədə geniş məlumata malik deyiləm. Amma bildiyim budur ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bu görüşlər tamamilə qeyri-siyasi məsələləri ehtiva edir. Bu görüşdə iştirak edən siyasi təşkilatların seçkilərlə bağlı hansısa birlik quracaqları ehtimalı gözlənilən deyil”.
“Müxalif düşərgənin birləşəcəyi ilə bağlı konkret fikir demək mümkün deyil...”
Aydınlar partiyası sədrinin müavini Qorxmaz İbrahimli isə müxalifətyönlü “Cümhuriyət” qəzetinə ənənəvi müxalifətin müzakirələrinin müsbət nəticələrə aparacağı ehtimalının hazırkı situasiyada inandırıcı olmadığını bildirib. Partiya rəsmisi fikrini siyasi partiyalar arasına olan konfliktlərlə izah edib: “Müxalifət partiyalarının bir araya gəlib hansısa mövzu ətrafında müzakirə aparmaları yaxşı haldır. Amma illərin təcrübəsi göstərir ki, Azərbaycan müxalifəti öz içində bir araya gələ bilmir. Buna görə də vəziyyətimiz ürəkaçan deyil. Hakimiyyət də birləşə bilməyən bu müxalifəti güc kimi tanımır...Yalnız birlik yolu ilə hansısa nəticəyə nail olmaq mümkündür. Qarşıdan gələn seçkilər üçün də müxalif düşərgənin birləşəcəyi ilə bağlı konkret fikir demək mümkün deyil...”
Nəticədə isə bir daha əminliklə qeyd etmək olar ki, hətta düşərgənin öz içində olanlar belə, hər hansı bir uğura inanmadıqlarını bildirir, müvəffəqiyyətli nəticənin əldə edilməsi barədə isə heç bir fikir irəli sürmürlər bu baxımdan, ənənəvi düşərgə “liderlərinin” istər gizli, istərsə də açıq görüşlər keçirmələri sadəcə özlərini aldatmaqdan başqa heç nəyi göstərmir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB