AŞPA-nın komitə sədri: “İrəvandakı kriminal rejim terrordan qidalanır” AÇIQLAMA

AŞPA-nın komitə sədri: “İrəvandakı kriminal rejim terrordan qidalanır” AÇIQLAMA

"Ermənistan silahlı qüvvələrinin mülki insanları hədəfə almasının nəticəsi kimi Tovuz rayonunun Qaralar kəndinin sakini 13 yaşlı Ramin Yusifovun xəsarətlər alması bir daha bu cinayətkar dövlətin və onun rəhbərlərinin terrorçu mahiyyətini ortaya qoyur". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasının komitə sədri Sahibə Qafarova deyib.

Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərini davam etdirməsi beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasıdır: "İşğalçı ölkənin silahlı qüvvələri bu cür terrorçu təxribatlarla uşaqları, qadınları hədəfə almaqla vandalizm aktlarını davam etdirir. Bu, bir daha Ermənistan dövlətinin terrorçu mahiyyətini, İrəvandakı kriminal rejimin terrordan qidalandığını göstərir. Şübhəsiz ki, insanlığa sığmayan, beynəlxalq hüquq normalarına zidd olan bu cür təxribatçı əməllər dünya ictimaiyyəti – beynəlxalq təşkilatlar və ayrı-ayrı milli dövlətlər tərəfindən kəskin şəkildə qınaq obyektinə çevrilməli, işğalçı ölkəyə qarşı müvafiq islahedici tədbirlər görülməlidir".

S.Qafarova əlavə edib ki, işğalçı Ermənistanın məqsədi Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların pozulmasına nail olmaqdır: "Ermənistan işğalçı siyasətini davam etdirmək niyyətində olduğunu nümayiş etdirir. Bu ölkə konkret olaraq mövcud status-kvonun davam etməsinin tərəfdarıdır, münaqişənin beynəlxalq hüquq normalarına uyğun həllini istəmir, sülh tərəfdarı deyil. Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edərək müxtəlif manevrlər edir. Beynəlxalq hüquq normalarına zidd olan təxribatların törədilməsi də bunun tərkib hissəsidir. Təəssüf ki, bu təxribatlar nəticəsində günahsız insanlar, uşaqlar, yaşlılar, mülki vətəndaşlar ziyan çəkirlər. Beynəlxalq ictimaiyyət nəhayət ikili standarta son qoymalı, Ermənistanın bu terrorçu fəaliyyətinə qarşı adekvat addımlar atmalıdır. Mülki insanların, o cümlədən, uşaqların hədəfə alınması və qətlə yetirilməsi məqsədi daşıyan qəddar əməllər Ermənistanın siyasi-hərbi rəhbərliyinin yürütdüyü dövlət terrorizm siyasətidir".

Bütün xəbərlər Facebook səhifəmizdə