Qubad İbadoğlu Almaniyada Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından danışıb

Qubad İbadoğlu Almaniyada Azərbaycanın torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından danışıb

İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu "Azadlıq naminə" Fridrix Naumann Fondunun dəvəti ilə sentyabrin 12-dən 18-dək Almaniyada səfərdə olub.

Mərkəzin İctimaiyyətlə əlaqələr departamentinin sədri Dünya Sakitin SİA-ya verdiyi məlumata görə, səfərin əsas məqsədi Cənubi Qafqaz təmsilçilərini Almaniyada mülkiyyət münasibətləri, özəlləşdirmə islahatları və bazar institutlarının formalaşması mərhələrləri barədə məlumatlandırmaq olub. Səfər çərçivəsində Cənubi Qafqazdan olan nümayəndələr Drezden və Berlin şəhərlərində əyalət və federal səviyyəsində aidiyyəti dövlət orqanlarının məsul şəxsləri, parlament üzvləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri ilə görüşlər keçiriblər. Səfərdə Azərbaycanı Qubad İbadoğlu ilə yanaşı "Turan" Analitik-informasiya Agentliyinin iqtisadiyyat şöbəsinin rəhbəri Rasim Hüseynov və Sosial-iqtisadi inkişaf mərkəzinin eksperti Xanlar Məmmədov təmsil edib.

Səfər zamanı Azad Demokratlar Partiyasının təşəbbüsü ilə Drezden şəhərindəki "Azadlıq evi"ndə "Qafqazdakı sosial-iqtisadi vəziyyət və konfliktlər" mövzusunda dinləmələr keçirilib. Dinləmə Azad Saksoniya dövlətinin İqtisadiyyat, Əmək və Nəqliyyat Nazirliyinin dövlət katibi Roland Verner tərəfindən idarə olunub. Saksoniya parlamentində Azad Demokratlar Partiyasının iqtisadi siyasət məsələləri üzrə spikeri Torsten Xerbst giriş sözu ilə çıxış edərək, dinləyicilərə Cənubi Qafqaz ölkələri barədə ümumi məlumat verib və müasir durumu xarakterizə edərək, diqqəti mövcud konfliktlərə yönəldib.

Sonra ölkədəki siyasi-iqtisadi vəziyyət barədə Azərbaycan adından İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlunun, Ermənistan adından İqtisadi, Siyasi və Hüquqi Tədqiqatlar və Proqnozlar Mərkəzinin vitse-prezidenti Vaqan Xaçaturyan, Gürcüstan adından Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü Tengiz Şerqelaşvili çıxış edib.

Q.İbadoğlu öz çıxışında Azərbaycanın Dağlıq Qarabağı və ətraf rayonları əhatə edən 20 faizədək torpaqlarının Ermənistan tərəfindən işğal olunmasından, həmin torpaqların azad olunmasına dair BMT-nin qətnamələrindən danışıb. Eyni zamanda o, Azərbaycandakı sosial-iqtisadi vəziyyəti xarakterizə edərək, mövcud siyasi kursu, quruluşu, ölkə hökumətinin daxili və xarici siyasətinin əsas hədəfləri, eləcə də sosial-iqtisadi və siyasi hüquqların müasir vəziyyəti və bazar institutlarının formalaşması barədə tədbir iştirakçılarını məlumatlandırıb.

Ermənistanın təmsilçisi hazırkı iqtidarın yeritdiyi siyasəti kəskin tənqid edərək, regional və antidemokratik əsasda formalaşmış hazırkı iqtidarın yaratdığı çoxsaylı problemlərdən danışıb. Gürcüstan nümayəndəsinin çıxışı isə Gürcüstanın müasir durumuna həsr olunub.

Bundan sonra çıxışlar ətrafında müzakirələr aparılıb. İştirakçılar Azərbaycanda din sahəsində vəziyyət, enerji layihələri və digər suallara cavab istəyiblər.

Səfər çərçivəsində nəzərdə tutulan görüşlər Drezden şəhərindən sonra federal səviyyədə Berlin şəhərində davam etdirilib. Berlində səfər iştirakçıları Almaniyanın İqtisadiyyat və Texnologiya Nazirliyində, Maliyyə Nazirliyində, dəmiryolu, poçt, telekomunikasiya, qaz, elektrik üzrə fedaral şəbəkə agentliyində, vergi ödəyiciləri ittifaqında, Fridrix Naumann Fondunun Liberal İnstitutunda, Almaniya iqtisadiyyatının Şərq komitəsində səlahiyyətli şəxslərlə görüşlər keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə