Yalnız Henrix Mxitaryanın reytinqi 80% ola bilər, baş nazir Karen Karapetyanda isə əsla! - İSTEHZA

Erməni sosioloqu “MPC” sorğu şirkətinin direktoru Aram Navasardyanın keçirdiyi sorğusunu belə ələ saldı
Yalnız Henrix Mxitaryanın reytinqi 80% ola bilər, baş nazir Karen Karapetyanda isə əsla! - İSTEHZA

Ermənistanda zaman-zaman hakimiyyət yönlü sosial mərkəzlərin keçirdikləri sorğuları nəticəsində şişirdilmiş rəqəmlərin göstərilməsi istehza hədəfinə çevrilir. Belə ki, bu dəfə baş nazir Karen Karapetyanın reytinqi ilə bağlı sorğu keçirən mərkəzlərdən biri erməni sosioloqu Karen Sarqsyanın hədəfinə tuş gəlib. O, yoxsul, ac və səfil bir ölkədə bənzər sorğuların keçirilməsinin ümumiyyətlə doğru addım olmadığını deyib.

“Yalnız reytinqin düşməsi təbii görünə bilər”

“Rəsmi rəqəmlərə görə yoxsulluğun 30%-lik həddi aşdığı Ermənistan kimi kasıb ölkənin baş naziri heç vaxt 80% reytinq toplaya bilməz, yalnız reytinqin düşməsi təbii görünə bilər”. SİA-nın məlumatına görə, bu haqda Ermənistanın “Birinci informasiya” (1in.am) saytına sosioloq Karen Sarqsyan “MPC” (“Gallup International Association”un tam hüquqlu üzvü) şirkətinin direktoru Aram Navasardyanın parlament seçkilərindən sonrakı müddətdə keçirdiyi sorğuda baş nazir Karen Karapetyanın reytinqinin 10% azalması ilə bağlı nəticələrni şərh edərkən deyib.

“Belə bir insan olsa belə, gərək bizim dünyanın adamı olmaya...”

Karen Sarqasyana görə, keçirilən sorğuda baş nazirin reytinqinin aşağıya düşməsini belə əsaslandırmaq olar ki, onun seçkilər öncəsi verdiyi vədlərinin heç biri yerinə yetirilməyib məhz bu amil də Karapetyanın nəticə olaraq siyasi nüfuzunun itirilməsinə səbəb olub. O, sual edərək soruşub: sizə elə gələ bilərmi, cəmiyyətdə elə bir insan olsun ki, seçki öncəsi vədlərə inansın? “Belə bir insan olsa belə, gərək bizim dünyanın adamı olmaya ki, seçki öncəsi seçkilərə inana bilsin”-deyə erməni sosioloq bildirib. SİTAT: “Seçkilər ərəfəsində baş nazir yeni sima idi, və o, yeni vədlər verdiyinə görə seçilmədi, ona görə seçildi ki, yeni insan idi, ona münasibətdə simpatiya yarannmışdı”.

“Burada ciddi problemlər yaranıb, onlardan biri və birincisi isə korrupsiyadır”

Sosioloq hesab edir ki, normal cəmiyyətdə ən populyar siyasi xadimin reytinqi 20%-i keçirsə, demək həmin cəmiyyət qeyri-sağlamdır. Sarqsyana görə, normal cəmiyyət siyasətlə maraqlanmalı deyil. Belə ki, ideal hökumət elə olmalıdır ki, xalq arasında nəzərə çarpmasın: “İdeal hakimiyyət prosesləri elə təşkil etməlidir ki, proseslər özü-özlüyündə inkişaf etsin, insanlar rahat şəkildə istirahətə, dincəlməyə getsinlər, geri döndüklərində isə əmək haqlarını, pensiyalarını vaxtı-vaxtında alsınlar. Ancaq nə vaxt ki, insanlar hökumətin fəaliyyəti ətrafında, qəbul etdikləri qərarlarla bağlı maraqlanmağa başlayırlarsa, demək burada ciddi problemlər yaranıb, onlardan biri və birincisi isə korrupsiyadır”.

Karen Sarqsyan sonda digər bir ilginc məqama toxunaraq bildirib ki, yalnız İngiltərə premyer liqasında oynayan erməni futbolçu Henrix Mxitaryanın reytinqi Ermənistanda 80% ola bilər, baş nazir isə bu reytinqə layiq deyil.

Beləliklə, görünən budur ki, erməni cəmiyyəti artıq sorğuların da saxtalaşdırıldığının fərqinə varıblar. Sadəcə, bir qığılcım kifayətdir ki, Serj Sarkisyan hakimiyyətinin kökünü “qazısın”....

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə