Mübariz Əhmədoğlu: “Rusiya region üçün təhlükəli olan Ermənistanın məsuliyyətini üzərinə götürməlidir” - MÜNASİBƏT
Bu gün Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin (SİTM) icra etdiyi "Qarabağ saatı" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. SİA-nın məlumatına görə, Mərkəzin rəhbəri Mübariz Əhmədoğlu Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasına Azərbaycan tərəfindən təqdim olunan qətnamə layihəsinin geri götürülməsinə toxunub. Ermənilərin bunu qələbə kimi təqdim etdiyini deyən siyasi ekspert bildirib ki, əslində bu Azərbaycanın uğurudur: "Kimin nə deməsindən asılı olmayaraq, bu ATƏT-in Minsk qrupu ilə Azərbaycan arasında əldə olunan ilk sövdələşmədir. Bu isə Azərbaycanın üstünlüyüdür. Qətnaməni geri götürməklə işğal olunmuş ərazilərə faktaraşdırıcı missiyanın gəlməsi ilə bağlı qərarın verilməsinə nail olduq. Missiya tərkibində ATƏT-lə yanaşı BMT-nin ən azı iki qurumunun nümayəndəsinin də olması mühüm əhəmiyyət daşıyır".
M.Əhmədoğlunun sözlərinə görə, faktaraşdırıcı missiya məsələsinin ortadan qaldırılması ilə Sankt-Peterburq təklifləri də ortadan qalxıb. Ermənistanın da Azərbaycanın hərbi üstünlüyünü qəıbul etdiyini qeyd edən SİTM rəhbəri ermənilərin istənilən hərbi aktivliyinin müharibəyə səbəb olacağını bildirib. Ermənistanda vəziyyətin getdikcə gərginləşdiyini söyləyən M.Əhmədoğlu bunun ermənilərin özləri tərəfindən də etiraf edildiyini qeyd edib: "Erməni ekspertlər də, iqtidar koalisiyasında olan "Çiçəklənən Ermənistan" Partiyası da, daşnaklar da etiraf edir ki, ölkə təhlükəli vəziyyətdədir. Qəbul edirlər ki, ölkənin müstəqilliyində problem var".
SİTM rəhbəri bütün Qafqazda stabillik üçün radikal dəyişikliklərə ehtiyac olduğunu qeyd edib: "Bu dəyişikliklər ilk olaraq Ermənistanla bağlı olmalıdır. Rusiya Ermənistanın apardığı siyasətə real yanaşmalıdır. Müstəqil siyasət apara bilməyən, region üçün təhlükəli olan ölkələri regiona gətirən, region üçün təhlükəli olan Ermənistanı Rusiya özünə birləşdirməli, bu ölkənin bütün məsuliyyətini üzərinə götürməlidir. Qafqaz üçün ikinci məsələ Gürcüstanın ərazi bötüvlüyünün bərpasıdır. Rusiya gec-tez bunu etməli olacaq. Ona görə də Rusiya indidən lazım olan mesajları verməlidir. Üçüncü məsələ isə odur ki, Azərbaycan Şimali Qafqazda baş verən dini proseslərin mahiyyətini ərəb ölkələrinin diqqətinə çatdırmalıdır. Bunu Rusiya təklikdə edə bilməyəcək".
Rusiyanın Ermənistanla yeni hərbi protokolu imzaladıqdan sonra İranın da Ermənistana ucuz taxıl satışı ilə bağlı təklif verdiyini vurğulayan M.Əhmədoğlu bildirib ki, məqsəd buradan Rusiyanı çıxışdırmaqdan ibarətdir: "Dəfələrlə olub ki, İran öz gücü daxilində olmayan işlər görmək istəyib, sonradan çətin vəziyyətə düşüb. İranın Qarabağ məsələsində qərəzli olmasını onunla əsaslandıra bilərəm ki, İran bu günə qədər iki azərbaycanlı şəhidin meyidinin Azərbaycana qaytarılması ilə bağlı bircə kəlmə belə Ermənistana deməyib. Heç olmasa oradakı müsəlmanların heysiyyatına hörmət edib bu addımı atardı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB