"Kolxoz sədri" adı uğrunda mübarizə davam edir!

"Kolxoz sədri" adı uğrunda mübarizə davam edir!

Ənənəvi müxalifətin kolxoz təfəkküründən çıxa bilməməsi əslində, “hakimiyyətə gəlib sözümüzü deyəcəyik” iddiaları ilə daha çox özünü sübuta yetirməkdədir. Yalnız diktə etmək və avtoritarizm xarakterini əks etdirən bənzər təfəkkürün isə əsas ziyanı söz yox ki, yenə düşərgə “liderlərinin” özlərinə dəyir. Artıq ötən müddət ərzində ictimai rəy dəfələrlə bunun şahidinə çevrilib. Ancaq özlərini hər kəsdən “ağıllı” hesab edən həmin “fiqurlar” unudurlar ki, kənardan heç də istədikləri kimi görünmürlər. Hətta ictimai rəyi qoyaq bir kənara, elə müxalifətin özündə də belələri istehza hədəfinə çevrilirlər. Beləliklə, düşərgədə “kolxoz sədri” adını qazanmaqdan ötrü nə az nə çox, düz 25 ilə yaxındır ki, bir-biri ilə didişən, höccətləşən, qırışan, qapışan çarpışan, datrışan, küsüb-barışan “liderlər” axırda heç nəyə nail ola bilməyərək sadəcə özlərini rüsvay etməklə məşğuldurlar. Seçkilərdə və s. önəmli ictimai-siyasi hadisələr ərəfəsində xalq dəfələrlə bunların daxili aləmlərindəki gülünc, nəticəsi bəlli olmayan iddialarının şahidinə çevrilib.

Və maraqlısı da budur ki, bütün post-seçki zamanlarında “demokratikləşməyə” başlayan gəmin “fiqurlar” seçkilər bitər-bitməz yenidən sədrlik etdikləri qurumlarında anti-demokratikliyə, diktatorluğa, avtoritarizmə geri dönürlər. Məgər baş verən kütləvi istefalar, səsli-küylü qarşıdurmalar, çırpılan qapılar bunu dəfələrlə isbat etməyibmi?

Yeri gəlmişkən, elə bu mövzu ətrafında fikirlərimi cəmləyərkən, internetdəki yazıları incələyərkən, rastıma VİP adlı müxalifət partiyasının sözdeyənlərindən birinin – sədr müavini Ramil Hüseynovun hələ 2015-ci ildə düşərgədəki vəziyyəti şərh edən açıqlaması çıxdı. Düşündüm ki, həmin sözləri daxil edim elə bu köşəmə. Doğru sözə nə deyəsən? Məsələn, hələ parlament seçkiləri ərəfəsində o demişdi ki, “əgər özünü həddən artıq ağıllı sayıb, mən nə deyirəm o da düzdür diqtəsi davam etsə müxalifət bu il keçiriləcək parlament seçkilərində də uğursuzluğa düçar olacaq”. Nə olar ki, müxalifətçidir, amma həqiqət-həqiqətdir qardaş. Dediyi də oldu. Hələ bu harasıdır? Müxalifətçi funksioner deyib ki, hələ də müxalifətdə kolxoz davranışlarını özundə qoruyub saxlayan və ondan qurtulmaq üçün daxili gücləri çatmayan liderlər var: “Bəziləri həyatda hələ özünü sosial varlıq kimi təsdiq etməyib. Amma baxırsan ki, ölkəni idarə etmək iddiasındadır. Ətrafına isə özünə bənzər şəxsləri yığıb. Onlarla nə nəticə olacaq? Bir sözlə daxilində iftiraçı, xəyanətkar, rəzil virus daşıyanlar və o cür insanları ətrafına toplayanlar heç bir uğur qazana bilməzlər. Həmin insanlar bu cameədən çəkilsələr daha yaxşı olar”.

Bəli! Söhbət də məhz budur – viruslar. Belə viruslar hələ də ictimaiyyət arasında qalmaqdadırlar, üstəlik, həm də “kolxoz sədrləri” kimi. Necə deyərlər, dövran dəyişir, siyasət modelləri də az qala kosmik məcrada inkişaf edir, bizim müxalifətçilər isə “kolxoz sədri” adı uğrunda didişirlər, höccətəşirlər, qırışırlar, qapışırlar, çarpışırlar, datrışırlar...

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə