Elmar Məmmədyarov BMT-in Minilliyin İnkişaf Məqsədləri Yüksək Səviyyəli Plenar görüşdə çıxış edib
Nazir Elmar Məmmədyarov Nyu-Yorkda 21 Sentyabr tarixində keçirilmiş BMT-in Minilliyin İnkişaf Məqsədləri Yüksək Səviyyəli Plenar görüşdə çıxış edib.
Xarici İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, BMT-nin Baş Katibi Pan Ki-Muna plenar görüşün yüksək səviyyədə təşkil etdiyinə görə minnətdarlığını bildirən E.Məmmədyarov, Minilliyin İnkişaf Məqsədlərinin (MİM) BMT-nin bütün üzv dövlətlərinin 21-ci əsrdə əməkdaşlığı üçün əsas yaratdığını qeyd edib. MİM-in özündə bütün bəşəriyyətə xidmət edən insan dəyərlərini nəzərdə tutduğunu bildirən nazir, MİM-in başa çatdırılması bütün dünyada sülhün, sabitliyin, təhlükəsizliyin, harmoniyanın təminatını vəd etdiyini bildirib.
E.Məmmədyarov qonşu Ermənistanın Azərbaycanın 20% torpaqlarının işğal altında saxlaması və bunun nəticəsində ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünlərin olmasına baxmayaraq Azərbaycan Dövlətinin 2015-ci ilə kimi MİM-in tam və effektiv şəkildə həyata keçirilməsinə sadiq olduğunu da vurğulayıb.
Son 5 ildə Azərbaycanda görünməmiş iqtisadi inkişafın baş verdiyini qeyd edən nazir ölkə iqtisadiyyatında illik artımın 20% təşkil etdiyini və beləliklə Azərbaycanın dünyada ən sürətlə artan iqtisadiyyatlardan birinə çevrildiyini vurğulayıb.
Öz çıxışında E.Məmmədyarov Azərbaycanda yoxsulluğun aradan qaldırılması məqsədilə hökumətin siyasi iradə nümayiş etdirdiyini və həmçinin bu istiqamətdə ciddi addımlar atdığını vurğulayıb. Nazir bunun Yoxsulluğun Aradan Qaldırılması üzrə Dövlət Proqramına dair MİM-in hesabatında göstərildiyini qeyd edərək, 2008-2015 illər üçün nəzərdə tutulmuş Yoxsulluğun Aradan Qaldırılması və Davamlı İnkişaf üzrə yeni Dövlət Proqramında da öz əksini tapdığını bəyan edib.
Bununla yanaşı nazir E.Məmmədyarov Azərbaycan məktəblərində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında müəyyən islahatlara başlandığını qeyd edib. Nazir Dünya Bankı tərəfindən dəstəklənən 2003-2013-cü illər üçün nəzərdə tutulmuş təhsildə islahatlar strategiyasının əsasən ümumi icbari təhsil sahəsində islahatlara yönəldiyini bildirib.
Nazir Azərbaycanın qadınların orta və ali təhsillə təmin olunmaları, məvacib bərabərliyi, qərar qəbul etmə proseslərinə onların geniş cəlb olunmalarının MİM hədəflərinə çatmaqda mühüm sütunların olduğuna inandığını qeyd edib.
E.Məmmədyarov çıxışında qadınların Parlamentdə və digər orqanlarda təmsil olunmalarında da artımın olduğu bildirib. Nazir E.Məmmədyarov Azərbaycanda QİÇS xəstəliyinin geniş vüsət almasının qarşısının alındığını və malyariyanın aradan qaldırıldığını, vərəm xəstəliyinin qarşısının alınması və müalicəsində böyük irəliləyişin olduğunu bildirmiş və Milli QİÇS Mərkəzinin qurulmasından sonra əhalinin QİÇS-ə qarşı tədbirlərinin daha da gücləndiyini vurğulayıb.
Nazir Azərbaycan hökumətinin məqsədyönlü şəkildə Birləşmiş Millətlər Təşkilatı çərçivəsində razılaşdırılmış inkişaf məqsədlərini həyata keçirdiyini qeyd edərək, hökumətimizin bütün sahələrdə qlobal əməkdaşlığa şərait yaratdığını, əsas diqqəti inkişafa və ən az inkişaf etmiş ölkələrin xüsusi ehtiyaclarının təmin edilməsinə yönəltdiyini vurğulayıb.
Çıxışın sonunda nazir E.Məmmmədyarov bu Plenar İclasın BMT-nin İnkişaf proqramlarının həyata keçirilməsi və həmçinin bütün insanların daha yaxşı gələcəklə təmin olunması naminə üzv-dövlətlərin səylərinin səfərbər olmasına töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB