Elmar Məmmədyarov gürcüstanlı və portuqaliyalı həmkarları ilə görüşüb

Nyu-Yorka səfəri çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 21-də Gürcüstanın xarici işlər naziri Q.Vaşadze ilə görüş keçirib. Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə ikitərəfli əlaqələrin səviyyəsi, ölkələr arasında enerji sahəsində həyata keçirilən layihələr və bu istiqamətdə perspektiv planlar və nazir E.Məmmədyarovun Gürcüstana gələcək səfəri ətrafında fikir mübadiləsi aparılıb.

Həmin gün nazir Məmmədyarov Portuqaliya Respublikasının dövlət naziri, xarici işlər naziri Luis Filipe Marques Amado ilə görüşüb. Görüş zamanı ikitərəfli, xüsusilə də iqtisadi sahədə münasibətlərə dair məsələləri müzakirə edilib. Nazir E.Məmmədyarov hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes forumun keçirilməsinin mümkünlüyü barədə danışıb.

Portuqaliyalı nazir Azərbaycanı Portuqaliya ictimaiyyətinə daha geniş təqdim etmək zəruriliyini vurğulayıb. Portuqaliyalı həmkarının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualını cavablandıraraq, nazir E.Məmmədyarov münaqişənin həllinə dair aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verib. Portuqaliyalı nazir Azərbaycana səfər etməklə bağlı azərbaycanlı həmkarının dəvətini məmnunluqla qəbul edərək bu il ərzində bu səfərin gerçəkləşməsinin mümkünlüyünü qeyd edib.

Sonra tərəflər bir sıra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...