Bələdiyyələrdə elektron idarəetmənin yaradılması ilə bağlı layihəyə start verilib
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti ilə (GTZ) "Cənubi Qafqazda Yerli Özünü İdarəetməyə Dəstək" proqramı çərçivəsində imzaladığı qrant müqaviləsi əsasında əldə olunan maliyyə vəsaiti ilə "Azərbaycanın şimal bölgəsinin 10 bələdiyyəsində elektron idarəçilik vasitəsi ilə etibarlılığı, şəffaflığı və məsuliyyəti yaxşılaşdırmaq" layihəsinə start verib.
SİA-nın məlumatına görə, layihənin əlaqələndiricisi Dünya Camalovanın sözlərinə görə, bir il müddətində həyata keçiriləcək layihə çərçivəsində ölkənin Quba, Qusar və Xaçmaz rayonlarının 10 bələdiyyəsi kompyuter və elektron büdcə proqramları ilə təmin ediləcək, bələdiyyə əməkdaşlarına bu proqramlarda işləmək bacarıqları aşılanacaq. Bununla yanaşı, hər bir bələdiyyənin veb-səhfəsi də hazırlanacaq: "Layihə çərçivəsində bələdiyyələrə büdcə, vergi və mühasibat işlərinin inkişaf etdirilməsi istiqamətində texniki və metodiki yardım göstəriləcək. Bələdiyyələrin büdcə məlumatlarının sakinlərə çatdırılması, əhali-bələdiyyə münasibətlərinin qarşılıqlı olaraq eyni müstəvidə formalaşdırılması da layihənin əsas məqsədlərindəndir. Hər bir bələdiyyədə "Vətəndaşın rəy kartı" sorğusu keçirilməklə bələdiyyə sakinlərinin problemlərinin nədən ibarət olması, bu problemlərin bələdiyyə büdcəsinin hesabına necə aradan qaldırılması məsələlərinin müzakirəsini təşkil etmək də layihədə reallaşdırılacaq fəaliyyətlər arasındadır."
Qeyd edək ki, İTM Azərbaycanda bələdiyyələrin elektron idarəçilik sisteminə keçməsi ilə bağlı müxtəlif proqramlar çərçivəsində uzunmüddətli fəaliyyətlər həyata keçirdiyindən bu sahədə zəngin təcrübə toplayıb. İndiyə qədər İTM-in icrasını başa çatdırdığı layihələr çərçivəsində 50-dən çox bələdiyyə kompyuterlə təmin edilib, 100-ə yaxın bələdiyyədə mərkəzin elektron məhsulu olan, maliyyə-büdcə münasibətlərinin elektronlaşdırılmasını və müstəqil büdcə qiymətləndirilməsini nəzərdə tutan "Şəffaf büdcə" və "Tətbiqi büdcə təhlili" proqramları istifadəyə verilib.
Bundan əlavə, Mərkəz "Elektron bələdiyyə inkişaf konsepsiyası" adlı sənəd hazırlayaraq hökumətə təqdim edib. Konsepsiyada qaldırılan yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması qaydalarının hazırlanması, bələdiyyələrin fəaliyyətinin, onlar tərəfindən fiziki və hüquqi şəxslərə göstərilən xidmətlərin İKT-nin tətbiqi ilə səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi üçün "Elektron bələdiyyə" pilot layihəsinin işlənməsi və həyata keçirilməsi məsələləri ölkə prezidentinin 11 avqust 2010-cu ildə imzaladığı Sərəncamda ("Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün dövlət proqramı" (Elektron Azərbaycan)") da öz əksini tapıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB