“Qarabağ”ın 30-a yaxın namizədi dairə seçki komissiyalarında qeydə alınıb

“Qarabağ”ın 30-a yaxın namizədi dairə seçki komissiyalarında qeydə alınıb

"Qarabağ" siyasi partiyalar blokunun 30-a yaxın namizədi dairə seçki komissiyalarında qeydə alınıb. SİA-ya bu haqda məlumat verən bloka daxil olan partiyalardan biri, Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Taliyyət Əliyev bu günə olan məlumata görə, onlardan 16-17-nin imza vərəqəsini götürdüyünü söyləyib.

 

Namizədlərin qeydə alınması zamanı süni əngəllərin də yaradıldığını deyən ADP-nin sədr müavini partiya vəsiqəsi, diplomun surəti, namizədin maliyyə hesabatı kimi qanunvericilikdə nəzərdə tutulmayan sənədlərin tələb olunduğunu bildirib: "Seçki blokunun ümumi maliyyə hesabatı tələb olunduğu halda namizədlərin özlərindən də maliyyə hesabatı istənilir. Blokumuzun namizədi 14 saylı Xəzər ikinci seçki dairəsinə 6 gündür ki, sənədlərini təqdim etməsinə baxmayaraq imza vərəqəsi verilmir. Səbəb kimi, komissiya sədrinin yerində olmaması göstərilir. 9 saylı Binəqədi ikinci, 3 saylı Babək-Kəngərli seçki dairəsində də oxşar problemlərlə qarşılaşmışıq".

 

T.Əliyev namizədlərin qeydə alınması zamanı ortaya çıxan çətinliklərin namizədlərin təşviqat prosesinə də təsir edəcəyini düşünür: "Namizəd nə qədər tez qeydə alınarsa, imza vərəqəsinin götürüb imzaları toplayaraq təqdim edərsə, bir o qədər namizəd kimi qeydiyyata alınıb-alınmadığını dəqiqləşdirə bilər və təşviqat kampaniyasına yaxşı hazırlaşar. Seçki prosesi zəncirvaridir. Zəncirin bir həlqəsində olan problem ümumi prosesə təsir edə bilər".

 

ADP-nin sədr müavini namizədlərin müəyyənləşməsi prosesinin davam etdirildiyini deyib. O, "Qarabağ" siyasi partiyalar blokunun namizədlərindən 98-nin məlum olduğunu, ümumilikdə namizəd sayının 100 civarında olacağını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə