MSK sədri: “Seçkilərdə pozuntunun olmayacağına dünyanın heç bir yerində, heç kim zəmanət verə bilməz”
"Seçkilərdə pozuntunun olmayacağına dünyanın heç bir yerində, heç kim zəmanət verə bilməz". SİA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib. O, qeyd edib ki, dairə seçki komissiyaları (DSK) seçicilərə öz iradəsini ifadə etmək üçün lazımi şərait yaratmalı və hər hansı bir formada pozuntu baş verərsə, onun aradan qaldırılması üçün qanunauyğun addım atmalıdırlar: "Dairə seçki komissiyaları və digər qurumlar birgə olmaqla əlimizdən gələni etməliyik ki, seçkilərin keçirilməsində heç bir qanun pozuntusu olmasın. Mən dəfələrlə vurğulamışam ki, seçkilərdə çox ciddi şəkildə qanun pozuntularına rast gəlinmir. Belə hallara rast gəlinərsə, biz müvafiq ölçü götürürük. Məsələn, ötən seçkilərdə bir neçə dairədə seçkilərin nəticəsi etibarsız sayıldı. Həmin dairələrdə araşdırma apararkən belə bir qənaətə gəldik ki, seçicilərə öz iradəsini ifadə etmək üçün lazımı şərait yaradılmayıb. Seçkilərin nəticəsini məqbul saymaq üçün əsas yox idi".
MSK sədri bildirib ki, qarşıdan gələn seçkilərdə də lazımı adımlar atılacaq və bu qanunla komissiyalar üzərinə qoyulan vəzifələrdir. M.Pənahov qeyd edib ki, bunun üçün aşağı seçki komissiyaları üçün geniş treninqlər keçirilib: "Seçki komissiyalarının vəzifəsi ondan ibarətdir ki, pozuntulara yol verməsin. İkincisi, pozuntu baş verərsə, onun aradan qaldırılması üçün müvafiq addım atılmalıdır. Seçkilərdə pozuntulara səbəb ola biləcək halları aradan qaldırmaq məqsədilə maarifləndirmə tədbirləri həyata keçiririk. Bu da öz nəticəsini verir. Azərbaycanda seçkilərlə bağlı hansı addımların atıldığı, hansı nailiyyətlərin əldə edildiyi beynəlxalq qurumların hesabatlarında da öz əksini tapıb. Biz bunu qəbul etməliyik".
Hərbçilərin seçkilərdə səs verməsinin dünya praktikasında qəbul olunan prinsiplərə əsasən liberal qanunvericilik əsasında təşkil ediləcəyini bildirən MSK sədri söyləyib ki, hərbi hissələrdə səs verərəkən müşahidə baxımından irəli sürülən tələblər digər məntəqələrdə olan tələblərlə eynilik təşkil edəcək: "Bilirsiniz ki, hərbi hissələr qapalı ərazilərdir. Ancaq məntəqə müşahidəçilər üçün açıq olamalıdır. Müşahidəçilər digər məntəqələrdə hansı hüquqlara malikdirlərsə, hərbi hissələrdə də həmin hüquqlara malikdirlər. Bu prinsipləri gözləyəcəyik".
MSK sədri hesab edir ki, imza vərəqələrinin paylanması kifayət qədər yüksək səviyyədə gedir və seçkilərə maraq həddindən artıq yüksəkdir: "Seçki qanunvericiliyinin tələbinə görə, seçkilərdə iştirak etmək istəyən partiyalar həm partiya kimi, həm də partiya blokları şəklində iştirak edə bilərlər. Bunu üçün də onlar Mərkəzi Seçki Komissiyasına müraciət ediblər. Hazırda beş seçki bloku var. Kifayət qədər fərdi fəaliyyət göstərən siyasi partiyalar da var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB