Asiya İnkişaf Bankının vitse-prezidenti İçərişəhərlə tanış olub

Asiya İnkişaf Bankının vitse-prezidenti İçərişəhərlə tanış olub
Asiya İnkişaf Bankının vitse-prezidenti Hyayou Jao nümayəndə heyəti ilə birlikdə İçərişəhərdə gəzintidə olub. İlk öncə qonağa "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun yaranması tarixi və yerli idarəetmə sistemi haqqında məlumat verilib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, İçərişəhərlə tanışlıq оrtа əsr mеmаrlığının şаh əsərlərindən olan "Şirvanşahlar Sarayı Kompleksi" ilə başlayıb. Hyayou Jao 2002-ci ildə açılan Miniatür kitab muzeyinin ekspozisiyası ilə də tanış olub. Muzeyin təsisçisi Zərifə Salahovanın 27 il ərzində topladığı 6000-dən çox miniatür kitab qonağın xüsusi marağına səbəb olub.
Qonaq Buxara və Multanı karvansaralarına da baş çəkib və burada "Qız Qalası" Beynəlxalq İncəsənət Festivalı zamanı hazırlanan maketlərə tamaşa edib.
Hyayou Jao təkrarolunmaz memarlıq incisi və 2000-ci ildən YUNESKO-nun "Dünya İrsi Siyahısı"na daxil edilən Qız Qalasına qalxaraq buradan paytaxta açılan mənzərəni seyr edib. Sonda qonağa xatirə hədiyyələri təqdim edilib və o, İçərişəhərin Fəxri Qonaqlar Kitabında ürək sözlərini yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə