Moskvada MDB İqtisadi Şurasının 47-ci iclası keçirilib

Moskvada, Rusiya Sərgi Mərkəzində (RSM) MDB İqtisadi Şurasının 47-ci iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 22-dən çox məsələ daxil edilib. Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov iclasın işində iştirak edib.

İqtisadi Şuranın iclasında 2011-ci ildə MDB-nin yaradılmasının 20 illiyinə həsr edilmiş dövlətlərarası sərgi keçirilməsi konsepsiyası müzakirə edilib. İclas iştirakçıları 2020-ci ilə qədər olan dövr üçün dövlətlərarası innovasiya əməkdaşlığının məqsədli proqramının layihəsinin hazırlanması gedişini də müzakirə ediblər. Bu layihə MDB üzvü olan dövlətlərin iqtisadiyyatının qlobal rəqabət qabiliyyətinin artırılması, onun mütərəqqi biliklər və nailiyyətlər iqtisadiyyatına transformasiyası üçün şərait yaradılmasına yönəlib.

İqtisadi Şuranın iclasında daha bir mühüm məsələyə - MDB dövlətlərinin ərzaq təhlükəsizliyinin artırılması konsepsiyasının layihəsinə də baxılıb. Layihədə ərzaq tədarükünün gömrük tənzimlənməsi, MDB ölkələri arasında ərzaq və kənd təsərrüfatı məhsullarının satış kanallarının inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahəsində bir sıra tədbirlər nəzərdə tutulur. İqtisadi Şuranın iclasında daha bir neçə mühüm sənədə baxılıb: Birlik ölkələrinin ət-süd məhsulları bazarının yaradılmasının və fəaliyyətinin əsas istiqamətləri layihəsi, 2011-2012-ci illərdə humanitar əməkdaşlıq sahəsində prioritet tədbirlər planı və s.

MDB İqtisadi Şurasının iclasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...