“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin 11 iyul 2017-ci il tarixində Brüsseldə keçirilən görüşündən ciddi gözlənti yox idi. Çünki, görüş öncəsi Ermənistanın cəbhə xəttində törətdiyi təxribatlar və Azərbaycan vətəndaşlarını hədəfə alması sübuta yetirdi ki, düşmən ölkə nəyin bahasına olursa-olsun danışıqlar prosesinin bərpa olmasına mane olmaq istəyir”. Bunu SİA-ya açıqlamasında siyasi-şərhçi Elçin Mirzəbəyli deyib.
O bildirib ki, XİN başçılarının görüşü bütün hallarda prezidentlərin görüşü üçün hazırlıq səviyyəsinin mərhələsidir: “Əgər bu hazırlıq mərhələsi başa çatsa və görüş üçün zəmin yaransa, ola bilsin ki danışıqlar prosesində hər hansı bir irəliləyiş baş tutsun. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, ölkəmiz danışıqlar xətrinə danışıqlar aparmayacaq, artıq iş konkret sənədlər üzərində aparılmalıdır. Bu aspektdən Azərbaycan mövqeyi ortadır. Əgər ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana sülh prosesinin davam etdirilməsi üçün danışıqlar prosesində beynəlxalq hüquq prinsiplərinə uyğun davranması ilə bağlı üzərinə düşən missiyanı yerinə yetirməyi bacarsa, o zaman danışıqlardan hər hansı irəliləyiş gözləmək olar. Əks təqdirdə Ermənistan Azərbaycan silahlı qüvvələri ilə qarşı-qarşıya qalmalı olacaq. Çünki düşmən ölkə üçün güzəşt limiti başa çatıb”.
Rusiyanın hazırkı şəraitdə münaqişənin həlli ilə bağlı mövqeyinə gəlincə siyasi-şərhçi söyləyib ki, indiki vəziyyətdə Rusiya xarici işlər nazirinin yürütdüyü siyasətin mahiyyətinə diqqət yetirsək, burada danışıqlar prosesinin davam etdirilməsində meyllilik nəzərə çarpmır: “ Məhz Rusiya XİN-in yürütdüyü siyasət nəticəsində Ermənistan daha da azğın mövqe sərgiləyir. Bəzən XİN-in sözçüsü Mariya Zaxarova az qala Ermənistanın sözçüsü kimi çıxış edir. Təbii ki, bunun Rusiyanın dövlət başçısının birmənalı şəkildə mövqeyinin olub-olmaması gələcək göstərəcək. Amma yaranmış vəziyyət sübuta yetirir ki, hansı dövlətin mövqeyindən, yanaşmasında asılı olmayaraq Azərbaycan dövləti bundan sonra torpaqlarımızın uzun müddət işğal altında qalması ilə barışmayacaq. Beynəlxalq ictimaiyyət, dünya birliyi və ATƏT-in Minsk qrupu da həmçinin bu məsələdə real vəziyyəti dərk etməlidir”.
E. Mirzəbəyli düşünür ki, son hadisələrdən sonra Azərbaycan dövlətinin və xalqının göstərdiyi müqavimət həm Ermənistan, həm də həmsədrlər üçün ciddi mesaj oldu: “ 4 iyul erməni silahlı birləşmələrinin Füzulinin Alxanlı kəndində 2 yaşlı Zəhranın qətlə yetirilməsi ilə bağlı bəyanatlarda da müəyyən dəyişikliklərin şahidi olduq. Lakin bu dəyişikliklərin real məcraya, yəni sözdən konkret olaraq Ermənistana qarşı təzyiqlərin həyata keçirilməsinin gözləntisi var. Bu gözləntilər baş tutsa, o zaman regionda müharibə təhlükəsi aradan qalxacaq. Əgər Rusiya regionda sabitliyin bərpa olunmasında maraqlıdısa, o zaman prosesdə irəliləyişin olması üçün addımlar atacaq. Maraqlı olmayacağı təqdirdə, bu, regionda daha təhlükəli vəziyyətin yaranmasına imkan verəcək”.
“Başqa bir aspekt ondan ibarətdir ki, Rusiya beynəlxalq hüququn prinsiplərindən çıxış etməlidir. Çünki, Rusiyanın özü federativ dövlətdir və öz daxili məsələlərində adətən separatizmə qarşı ən sərt mövqedən çıxış edir. Eyni yanaşmanın, Rusiyanın daxilində bir cür, ölkə xaricində başqa cür formada mövqe sərgilənməsi gələcəkdə ciddi insidentlərə səbəb ola bilər ki, bundan həm Rusiya, həm də dünyanın digər dövlətləri əziyyət çəkə bilərlər. Yaranan vəziyyət sübuta yetirir ki, yeganə çıxış yolu substantiv danışıqların bərpa olunması, inkişaf etdirilməsi, beynəlxalq hüququn prinsiplərinin tətbiq olunması və dövlətlərin ərazi bütövlüyü məsələsinin beynəlxalq hüququn fundamental hissəsi kimi önə çəkilməsidir ”- deyə, siyasi-şərhçi əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə