Milli Məclisin sədr müavini: "Ermənistan bu məsələnin diqqətdən kənar qalmasına çalışıb"

Milli Məclisin sədr müavini: "Ermənistan bu məsələnin diqqətdən kənar qalmasına çalışıb"

"ATƏT PA-nın Minskdə keçirililən 26-cı sessiyasında Azərbaycan nümayəndə heyəti Füzulidə ermənilər tərəfindən törədilən təxribatla bağı məlumat verib və öz etirazını bildirib. ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsi Kristian Viqenin də bu məsələ ilə maraqlandığını, təxribatın törədildiyini, mülki əhaliyə qarşı qəsd olunduğunu vurğuladı". SİA-nın bunu Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətuinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

"Biz Füzulidəki təxribatda həlak olan iki yaşlı Zəhranın və onun nənəsinin ürəkağrıdan şəkillərini toplantı iştirakçılarına çatdırdıq. Baş verən hadisəni heç bir rənglərlə tündləşdirmədən, nəyisə artırmadan olduğu kimi PA-nın diqqətinə çatdırdıq. Onun doğurduğu psixoloji gərginlik 26-cı sessiyanın sonunadək nümayəndə heyətlərinin üzvləri arasında davam etdi. Bu, həqiqətən də hər kəsin hiddətinə səbəb oldu.

Lakin ifadə olunan təəssüf hissi vəziyyəti dəyişmir. Biz vurğuladıq ki, ATƏT PA problemin həlli üçün ATƏT-in bütün institutları ilə koordinasiya olunmuş şəkildə fəaliyyət göstərməlidir. Bunun üçün də müəyyən təkliflərimizi verdik. Bu təkliflər yekun bəyannamədə də öz əksini tapdı”- deyə B. Muradova qeyd edib.

Milli Məclisin sədr müavini söyləyib ki, Ermənistanın ATƏT PA-dakı nümayəndə heyəti isə Azərbaycanın qaldırdığı bu məsələnin diqqətdən kənar qalmasına çalışıb: “Nəzərinizə çatdırım ki, bu dəfə Ermənistanın nümayəndə heyətinin tərkibi tam dəyişsə də, siyasətləri dəyişməyib. Yeni tərkibdə olan nümayəndə heyəti də əvvəlki nümayəndə heyətinin siyasətini davam etdirir. Ermənistanın nümayəndə heyətinin rəhbəri çıxışında hər vəclə bu məsələnin tamamilə diqqətdən kənarda qalmasına, Azərbaycan tərəfinin də guya buna bərabər hərəkətlər etdiyinə inandırmağa çalışdı. Onlar Azərbaycan tərəfinin bu hadisədən şou düzəltdiyini, bunun üzərində populist müzakirlələr apardığını vurğulamağa çalışdılar. Bunlar əsassız fikirlərdir, hər kəs hadisənin necə baş verdiyini görür. Nümayəndə heyətlərinin üzvləri bu kimi hərəkətlərə son qoyulmalıdır deyə fikirlərini səsləndirirdilər, təbii ki, son qoyulmalıdır deyəndə bu hərəkətləri törədənlərə ünvanlanır".

Bütün xəbərlər Facebook səhifəmizdə