“İqtisadi inkişafın Azərbaycan modeli” adlı beynəlxalq konfrans keçirilib - TƏDBİR

Bu gün Azərbaycan Regional İnkişaf Mərkəzinin (ARİP) təşkilatçılığı ilə "İqtisadi inkişafın Azərbaycan modeli" adlı beynəlxalq konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda Azərbaycan iqtisadi inkişaf naziri Şahin Mustafayev, sənaye və energetika naziri Natiq Əliyev, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə və digərləri, o cümlədən xarici qonaqlar məruzəçi qismində çıxış ediblər.

Konfransı açan ARİM-in sədri Çingiz İsmayılov ölkənin müharibə vəziyyətində olmasına, bir milyona yaxın insanın qaşçın və məcburi köçkün kimi yaşamasına baxmayaraq iri soaial-iqtisadi layihələrin həyata keçirildiyini bildirib. ARİM sədri həmçinin bildirib ki, bütün bu uğurlar heç də asanlıqla əldə olunmayıb.

"Azərbaycan iqtisadiyyatının inkişaf dinamikası" mövzusunda çıxış edən İqtisadi inkişaf naziri Ş.Mustafayev qeyd edib ki, bu günün uğurlarından danışarkən ilk növbədə dünənə nəzər salmaq lazımdır. Azərbaycanın enerji təhlükəsizliyinin təmin edildiyini deyən nazir hal-hazırda ölkənin 85 faizinin qazlaşdırıldığını bildirib. Ölkədə aparılan uğurlu siyasət nəticəsində iqtisadiyyatın şaxələndirilmiş strukturunun formalaşdığını qeyd edən Ş.Mustafayev bildirib ki, məhz buna əsasən turizm, tikinti, nəqliyyat və aqrar sektorlar daha intensiv inkişafı ilə fərqlənir: "Qlobal maliyyə böhranının davam etdiyi 2009-cu ildə Azərbaycan iqtisadi göstəricilərinə görə, MDB-yə daxil olan ölkələrdən üstün olub. Həmin il Ümumi Daxili Məhsulun artımı 9,3 faiz təşkil edib. MDB Dövlətlərarası Statistika Komitəsi 2010-2011-ci illər üçün verdiyi proqnozlara görə, bu il Azərbaycanda Ümumi Daxili Məhsulun artım tempi 7 faiz həddində olacaq".

İqtisadi inkişaf naziri ölkədə özəl sektora da xüsusi qayğı göstərildiyini bildirib: "Qeyri-neft sektorunun inkişafı nəticəsində hal-hazırda özək sektorun iqtisadiyytadakı payı 80 faizdir. 2000-ci illərin əvvəllərində özəl sektordan danışmaq mümkün deyildi. Yaradılan şərait nəticəsində 2004-2010-cu illərdə Ümumi Daxili Məhsul 2,8 dəfə artıb. Bu gün Azərbaycan şirkətləri qonşu dost ölkələrə də investisiya qoymağa başlayıblar. Azərbaycanın Cənubi Qafqaz iqtisadiyyatındakı payı 75 faizdən çoxdur".

"Azərbaycanın neft sənayesi və beynəlxalq əməkdaşlıq" mövzusunda çıxış edən N.Əliyev sovet imperiyasından Azərbaycana dağılmış bir neft sənayesinin qaldığını söyləyib. Müstəqilliyin ilk illərində, neft hasilatının hər il 6-7 fazi azaldığını dilə gətirən sənaye və energetika naziri bildirib ki, Azərbaycan təbii qazla zəngin olmasına baxmayaraq, 1990-cı illərin əvvəllərində xaricdən qaz almağa məcbur olub. Nazir 1993-cü ildə xalqın təkidi ilə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra yeni bir iqtisadi doktrinanın, modelin ortaya qoyulmalı olduğunu bildirib: "Ümummilli lider Heydər Əliyev yeni bir iqtisadi model gətirdi. Bu model xarici investisiyaların cəlb olunması, ölkənin təbii resurslarının cəzbedici olmasına şərait yaradılmasını özündə əks etdirirdi. Sonrakı proseslər göstərdi ki, bu model çox düzgün seçilib və biz düz yoldayıq".

Azərbaycanın son 160 ildə 1 milyard 600 milyon ton neft hasil etdiyini diqqətə çatdıran N.Əliyev keçən il 50 milyon 400 min ton neft çıxarıldığını, bunun isə 44 milyon tondan çoxunun ixrac edildiyini söyləyib. 1993-cü ildən indiyə kimi 90 milyard dollara qədər xarici investisiyanın cəlb edildiyini vurğulayan sənaye və energetika naziri bunun təxminən 50 milyardının neft sahəsinə qoyulduğunu qeyd edib. 1990-cı illərin əvvəlində neftdən əldə olunan gəlirlərin dövlət büdcəsində payının 85-90 faiz olduğunu da nəzərə çardıran N.Əliyev hal-hazlrda bu göstəricinin 50 faizdən yuxarı olmadığını deyib.

Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti X.Yusifzadə "Xəzər dənizinin neft və qaz ehtiyatlarının mənimsənilməsinin müasir vəziyyəti" mövzusunda məruzə ilə çıxış edib. Azərbaycanda, eləcədə dünyada ilk neft quyusunun 1847-ci ildə qazıldığını deyən vitse-prezident bildirib ki, Azərbaycan dəniz üzərində də ilk dəfə platforma qurmaqla ilkə imza atıb. Müstəqilliyin əldə olunmasından sonra kəşf olunmuş yataqların Azərbaycanın gücü ilə istismar edilməsinin mümkünsüzlüyünün ortaya çıxdığını deyən X.Yusifzadə buna görə, də xarici investisiyaların cəlb edildiyini vurğulayıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə "Azərbaycanın neft strategiyası və ölkənin iqtisadi imkanları" mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanın ən böyük nailiyyəti azad bazar iqtisadiyyatının qurulmasında konsensusun olmasıdır. Demokratiya və iqtisadi inkişafın bir-biri ilə sıx bağlı olduğunu söyləyən Z.Səmədzadə 20 il ərzində Azərbaycanın bir əsrlik inkişaf yolunun keçdiyini diqqətə çatdırıb.

Konfrans fasilədən sonra digər iştirakçılarının çıxışları ilə davam etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə