Politoloq: “Aİ-nın Ermənistandakı “demokratiyaya” münasibətini dəyişir” MÜNASİBƏT

Politoloq: “Aİ-nın Ermənistandakı “demokratiyaya” münasibətini dəyişir” MÜNASİBƏT

“Avropa İttifaqının Ermənistandakı “demokratiyaya” münasibətini dəyişir”. Bunu SİA-ya açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, Aİ-nin Ermənistandakı səfiri P.Svitalski seçki ilə əlaqəli bütün məsələlərlə bağlı tənqidi fikirlər bildirdi: “P.Svitalskinin bəyanatlarına Mərkəzi Seçki Komissiyasının sədri T.Mukuçyan və Ermənistanın yeni (həm də köhnə) ədliyyə naziri D.Arutyunyan münasibət bildirdilər. T.Mukuçyanın fikrincə, P.Svitalski vəziyyəti çox tündləşdirir. D. Arutyunyan isə xarici diplomatların Ermənistanın daxili işlərinə qarışmaq ixtiyarının olmadığını bildirdi. Bu mövzuda daha vacib məsələ P.Svitalskinin seçkidən iki ay yarım keçdikdən sonra kəskin tənqidi münasibət bildirməsidir. Parlament seçkiləri başa çatdıqdan sonra Aİ diplomatı müsbət münasibət bildirmişdi.

P.Svitalski Ermənistan rəsmilərinin reaksiyasını gördükdən sonra mövqeyini daha da sərtləşdirdi: Ermənistanın suverenliyinə təhlükə Aİ-nin dost yardımında deyil, başqa yerdədir. Əgər Aİ-nin Ermənistana yardımı arzu olunan deyilsə, Aİ bu yardımı dayandıra bilər. P.Svitalskinin belə kəskin mövqeyi rəsmilərin mövqeyini dəyişdi. Ədliyyə naziri D.Arutyunyan Ermənistana etdiyi yardıma görə Aİ-yə minnətdarlığını bildirdi. Yerli və xarici ekspertlər onun müdafiəsinə qalxdılar. Fransalı, erməni mənşəli politoloq Kayts Minasyan Aİ səfirinin deyil, RF-in Ermənistandakı səfiri İ.Volınkinin fikirlərini Ermənistanın daxili işlərinə qarışmaq olduğunu bildirdi.

Aİ səfirinin mövqeyinin sərtləşməsini şərh edən deputat N.Zohrabyan diqqət çəkən açıqlama verdi: Bu vaxtadək bizə quş qoymaq xatirinə səfir göndərirdilər. Biz belə vəziyyətə vərdiş vermişdik. Belə səfirlər əksərən müxtəlif nazirlərlə cinayət əlaqələrinə girərək otkat mexanizmi ilə qrant pullarını mənimsəyirdilər. Görünür, P.Svitalski onlardan deyil.

Aİ-nin Ermənistandakı səfiri P.Svitalskinin Ermənistana qarşı mövqeyinin qəflətən kəskinləşdirməsi təsadüfi deyil. Bu P.Svitalskinin şəxsi korporativ maraqları ilə də bağlı ola bilər. Lakin Aİ-nin təkcə iri dövlətlərinin deyil, Çexiya, Slovakiya və s. kimi kiçik dövlətlərinin də P.Svitalskinin müdafiəsinə qalxması Ermənistana qarşı sərtləşmənin ümumi Qərbə aid olduğunu deməyə əsas verir. Qərb “qamçı və qoğal” siyasəti aparmaqla prezident S.Sərkisyandan verdiyi vədləri yerinə yetirməyi tələb edir. Çünki S.Sərkisyanın prezidentlik müddətinə ümumiyyətlə Ermənistanın prezidentli dövlət olmasına cəmi 10 ay vaxt qalıb. Qərb Ermənistana saxta demokratik imic yaratmaqla, “demokratik dövlət pasportu” verməklə Ermənistana regional proseslərdə, o cümlədən Dağlıq Qarabağ tənzimlənməsində böyük resurs ayırmışdı. İndi isə Qərb S.Sərkisyan tərəfindən növbəti dəfə aldanıldığını başa düşür. Buna görə səfirlər, o cümlədən Böyük Britaniyanın Ermənistandakı səfiri C.Farnuort keçirdiyi görüşlərdə Ermənistanın demokratik dövlət olması istiqamətində gördüyü işləri yada saldı”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə