Türkdilli ölkələrin dövlət başçılarının İstanbulda keçirilən 10-cu zirvə toplantısında Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında qərar qəbul edilib. Türkiyə prezidenti Abdullah Gül bildirib ki, türkdilli ölkələrin Koordinasiya Şurasının katibliyi İstanbulda yerləşəcək və bu qurum iştirakçı ölkələr arasında əlaqələrin gücləndirilməsi üçün sistemli fəaliyyət göstərəcək. Katibliyə Türkiyənin Rusiyada sabiq səfiri Xəlil Akınçı rəhbərlik edəcək.
Onuncu yubiley sammitinin gündəliyinin başlıca mövzusu mənzil-qərargahı İstanbulda yerləşən TDƏŞ-in yaranma prosesini başa çatdırmaqdan ibarətdir. Əməkdaşlıq Şurasının yaradılma ideyasını ilk dəfə Nursultan Nazarbayev 2006-cı ildə Antalyadakı sammitdə bəyan edib. 2009-cu ildə Naxçıvanda keçirilmiş forumda bu ideya yeni beynəlxalq strukturun yaradılması haqqında sazişlə möhkəmlənib.
Şura eyni dildə danışan və oxşar mədəni mühitdə yaşayan xalqların birliyinin gücləndirilməsi, siyasi və ticari-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məqsədi daşıyan yeni regional ümumtürk birliyinin yaranması üçün baza olacaq. Sammit iştirakçıları beynəlxalq və regional məsələlərin geniş dairəsini də müzakirə edəcəklər. Bundan başqa, gündəliyə məsləhətçi-məşvərətçi orqanın - Ağsaqqallar Şurasının yaradılması məsələsi də daxildir. Şuraya Türkiyə Prezidenti Katibliyinin rəhbəri Mustafa İsenin rəhbərlik edəcəyi gözlənilir. Bu toplantının nəticəsi Türkiyə mediasında geniş təhlil olunub. "Hürriyet" qəzetinin toplantı haqda yazısında deyilir:
- R.Ərdoğan Çırağan Sarayında Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Quruluşu Razılaşmasının imzalanmasının ardından Azərbaycan Prezidenti İlham Əliyev ilə ortaq mətbuat konfransı keçirdi.
Baş nazir Rəcəb Tayyib Ərdoğan "Türkiyə ilə Azərbaycan dünya üzərində bənzəri olmayan xüsusiyyətdə əlaqələri olan iki qardaş ölkədir və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası bu qardaşlığı taclandıran əbədi bir əsər olacaq"- dedi.
Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin "Bir millət, iki dövlət" olaraq təyin etdiyi Türkiyə-Azərbaycan əməkdaşlığında bu gün tarixi bir ana şahidlik etdiklərini ifadə edən Ərdoğan mərhum dövlət başçısının o yığcam ifadəsində həyat bulan anlayışın, az öncə Prezident İlham Əliyev ilə birlikdə imzaladıqları Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası Razılaşması ilə yeni bir ölçü qazandığını söylədi. Baş nazir Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının eyni zamanda, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Atatürk ilə "Bir millət, iki dövlət" deyən mərhum Heydər Əliyevdən aldıqları bayrağı daha irəli nöqtələrə daşıma cəhdinin bir təzahürü olduğunu vurğuladı. Bu dostluğun gələcək nəsillərə də ötürülməsi yolunda Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının əbədi bir əsər olaraq gördüyünü ifadə edən Ərdoğan Türkiyə-Azərbaycan əməkdaşlığının yalnız iki dövlət arasındakı güclü həmrəyliyə deyil, eyni zamanda xalqların paylaşdığı köklü tarix və könül birliyinə söykəndiyini qeyd etdi. Baş nazir Ərdoğan Türkiyə və Azərbaycan türklərinin eyni dili danışdığını, ortaq bir tarixi paylaşdığını və hər iki ölkənin ortaq bir coğrafiyada barış, sabitlik və rifahın təmin edilməsini məqsəd qoyduğunu vurğuladı. Bu möhkəm zəmin üzərinə bina edilən "Bir millət, iki dövlət" qanunu təməlində icra edilən əlaqələrin, siyasi və iqtisadi sahədə əldə edilən inkişafla bu günki mükəmməl səviyyəsinə çatdığına işarə edən Ərdoğan "İnanıram ki Şura mexanizmi sayəsində Türkiyə-Azərbaycan dostluğunu gələcək nəsillərimizə sarsılmaz bir əməkdaşlıq olaraq əmanət edəcəyik" dedi.
Ərdoğan Şura çərçivəsində yaradılacaq alt komissiyaların, əlaqələrin hər sahədə nizamlı olaraq nəzərdən keçirilməsini təmin edərək, həm müsbət sahələrdəki uğurların qorunmasına, həm də bəzi nöqsanların anında aradan qaldırılmasına vəsilə olacağını dilə gətirdi. Bu vəsiləylə Şuranın qurulması mərhələsində göstərdiyi əməkdaşlıq üçün "Dostum və qardaşım" deyə xitab etdiyi Prezident Əliyevə təşəkkür edən Ərdoğan ayrıca böyük bir fədakarlıq və fədakarlıqla çalışaraq, razılaşmanın qısa müddətdə təsdiq mərhələsinə gəlməsini təmin edən yetkililərə ayrıca təşəkkürlərini təqdim etdiyini söylədi. Ərdoğan "Türkiyə ilə Azərbaycan dünya üzərində bənzəri olmayan əlaqələri olan iki qardaş ölkədir və Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası bu qardaşlığı taclandıran qalıcı bir əsər olacaq. Bu düşüncələrlə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının istər ikili əlaqələrimiz, istərsə də regional əməkdaşlıq baxımından uğurlu olacağına ümid edirəm", - deyə bildirib.
Türkdilli ölkələrin dövlət başçılarının XI Zirvə Toplantısı 2011-ci ildə Qazaxıstanda keçiriləcək. Bunu Zirvə Toplantısından sonra keçirilən birgə mətbuat konfransında Türkiyə prezidenti Abdullah Gül deyib. Gülün sözlərinə görə, dövlət başçıları sammitin 2012-ci ildə isə Qırğızıstanda keçirilməsini qərara alıblar.
Abdullah Gülün qeyd edib ki, Mərkəzi Asiyanın türkdilli dövlətlərinin və Azərbaycanın prezidenti Sovet İttifaqı dağıldıqdan sonra əldə olunmuş müstəqilliyin 2011-ci ildə XX ildönümünü birgə qeyd etmək barədə qərar qəbul ediblər. Bundan başqa, Türkmənistanda iri türk mədəniyyəti festivalı keçirilməsi planlaşdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB