Sarkisyan uşaq qatili olduğunu növbəti qətliamı ilə bir daha nümayiş etdirdi
Alı Alıyev: "Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn xərcləri və yaralananın müalicə xərcləri rayon icra hakimiyyəti tərəfindən ödəniləcək"
Məlum olduğu kimi, iyulun 4-də axşam saatlarında Ermənistan silahlı qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və ağır artilleriya qurğularından atəşə tutub. Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf alan hərəkətləri nəticəsində kənd sakini 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2 yaşlı Quliyeva Zəhra Elnur qızı həlak olmuş, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə yaralanmış, mülki obyektlərə zərər yetirilmişdir. Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev dərhal Alxanlı kəndində hadisə yerində olub. Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələri əsasında düşmən təxribatı nəticəsində həlak olan şəxlərin dəfn və yaralananın müalicə xərclərinin rayon icra hakimiyyəti tərəfindən ödəniləcəyini bildirib. Söhbət etdiyimiz müsahiblərimiz şəhidlərimizin qanının yerdə qalmayacağını, düşmənin ən sarsıdıcı zərbələrlə məhv ediləcəyini bildirdilər.
Millət vəkili Tahir Mirkişili: "2 yaşlı qızımızın ürək parçalayan şəklini görüncə, düşmənə ən yaxşı cavabın ordumuzun verəcəyinə inanıram"
- Beynəlxalq aləm tərəfindən cəzasız qalan Ermənistan öz vəhşiliyini davam etdirir. ATƏT Parlament Assambleyasının Minskdə keçirilən illik sessiyasında bu hadisə bir daha hər kəsin diqqətinə çatdırılacaq, Ermənistana sanksiyaların tətbiqi bir daha gündəliyə gətiriləcək. Bütün bununla yanaşı, 2 yaşlı qızımızın ürək parçalayan şəklini görüncə, düşmənə ən yaxşı cavabın ordumuzun verəcəyinə inanıram.
İstənilən halda düşmən cavabsız qalmayacaq. Həm hərbi, həm də diplomatik səviyyədə lazımi cavab verilir və veriləcək. Hadisələrin səbəbi işğal faktı və Ermənistanın cəzasız qalmasıdır ki, bunların hər ikisinə də tezliklə son qoyulmalıdır.
Politoloq Arzu Nağıyev: "Onların budəfəki təxribatı bir növ vəhşilikdir"
- Düşünürəm ki, erməni silahlı qüvvələrinin təxribatı gözlənilən idi. Çünki ATƏT-in Minsk Qrupunun həmsədrlərinin, məhz Vyanada açıqlamaları gözlənilirdi və Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan iyulun 11-də Avstriyanın Mauerbax şəhərində görüşü planlaşdırılırdı. Bu ərəfədə ermənilər daim təxribata əl atır və bu cür hadisələr törədirlər. Onların budəfəki təxrtibatı bir növ vəhşilikdir. İşğalçı dövlətin mülki vətəndaşlara qarşı atdığı addım artıq heç bir çərçivəyə sığmır. İkinci məqam, ermənilərin bəhanələri guya odur ki, Azərbaycan tərəfi atəşkəsi pozub və bu, onların cavab atəşidir. Axı necə ola bilər ki, raketlərin və atılan mərmilərin markasına qədər bunlar büruzə vermək istəyir?! Üçüncü məqam isə ötən gün Cocuq Mərcanlı kəndinə böyük qayıdışın anonsu verilmişdi. Erməni tərəfi də guya öz vətəndaşlarını sakitləşdirmək və ictimai rəy yaratmaq üçün bu cür böyük qayıdışların qarşısını almağa çalışır. Ümumiyyətlə, Ermənistandan köç başlayıb, amma işğaldan azad olunmuş ərazilərinə Azərbaycan tərəfinin qayıdışı başlayıb.
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələr - ABŞ, Rusiya və Fransa ermənilərə təzyiq və təsirlərini artırmalıdırlar. Yəni ATƏT-in Minsk Qrupunun həmsədrləri sadə deklorativ bəyanatlardan başqa belə bir təxribat məsələlərini də yerində araşdırmalıdır və öz bəyanatlarını səsləndirməlidirlər.
İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı: "Azərbaycan Ordusu körpələrimizin qanını yerdə qoymamalıdır!"
- Artıq neçənci dəfədir ki, erməni vəhşiləri günahsız körpələrimizi qətlə yetirirlər. Buna dözmək olmur. Azərbaycan Ordusu körpələrimizin qanını yerdə qoymamalıdır! Konkret Azərbaycan Ordusu da erməni mülki vətəndaşlarına atəş açmalıdır! Onların başqa yolla susdurmaq olmayacaq! Bir məsələyə də diqqətinizi çəkməz istəyirəm: ATƏT-in Minsk Qrupunun ikili standartına. Hadisənin üstündən xeyli vaxt keçib. Hər iki tərəfin rəsmiləri 2 yaşlı körpənin qətlə yetirilməsini təsdiq ediblər. Niyə indiyə qədər Minsk Qrupu susur?! Ümumiyyətlə, bu qrup nəyə lazımdır?! İndi təsəvvür edin ki, Azərbaycan Ordusunun açdığı atəş nəticəsində 2 yaşlı erməni qızı qətlə yetirilmiş olardı, 10 dəqiqə keçməmiş bəyanatların ardı-arsı kəsilməzdi. Bir daha, qeyd etmək istəyirəm ki, xalqımız bu quruma qətiyyən inanmır və haqlı olaraq, onların mənasız fəaliyyətlə məşğul olduqlarını düşünürlər. Digər tərəfdən, beynəlxalq təşkilatların da səsi gəlmir. Hələ də susurlar. Bu da, onu deməyə əsas verir ki, Azərbaycana qarşı ikili standarlar mövcuddur və bu təşkilatlar üçün əsas insan faktoru deyil.
Heç bir halda, beynəlxalq normalara uyğun davranmırlar. Düşünürəm ki, Azərbaycan xalqı ATƏT-in Minsk Qrupunu bundan sonra Azərbaycana buraxmamalıdır. Nəyə gəlirlər ki?! Onların səfərlərini cəmiyyət turist səfəri kimi qiymətləndirir. Gəlib isitrahət edib, gedirlər və mənasız yerə uzun illərdir ki, danışaqlar aparırlar.
"Kaspi" qəzetinin baş redoktoru İlham Quliyev: "Erməni silahlı qüvvələrinin 2 yaşlı körpəni və onun nənəsini qətlə yetirmələri dəhşətli bir faktdır"
- Füzulinin Alxanlı kəndində erməni silahlı qüvvələrinin 2 yaşlı körpəni və onun nənəsini qətlə yetirmələri dəhşətli bir faktdır. Bu addım Ermənistan tərəfinin əsl simasını üzə çıxarır, onların terrorçu mahiyyətini ortaya qoyur. Özü də, bu, ermənilərin cəbhə bölgəsində uşaqlara qarşı ilk qətliamı deyil. Bundan əvvəl də ermənilər dinc sakinlərə, uşaqlara, qocalara qarşı bu cür iyrənc hərəkətlər törədiblər. Təbii ki, bütün bunlar həm də düşmənin panikada olduğunun göstəricisidir. Şübhə etmirəm ki, Azərbaycan Ordusu bu təxribatın layiqli cavabını verəcək. Amma tez-tez
münaqişənin həllinin ancaq sülh danışıqlarında olduğunu deyən, tərəfləri sülhə çağıran dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar gözlərini açıb əsl həqiqəti, erməni mahiyyətini görməlidirlər. Ermənilərin bu vəhşiliyi, fürsətkeşliyi qəti şəkildə pislənilməli, onlardan hesab sorulmalıdır.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB