Müsavat Gənclər Təşkilatı DUİ-nu siyasi etikaya əməl etməyə çağırıb
Müsavat Gənclər Təşkilatı Demoktratiya Uğrunda İttifaqa (DUİ) etiraz müraciəti ünvanlayıb. SİA-nın məlumatına görə, müraciətdə həmçinin bu ilki seçkilərin əvvəlkindən daha fərqli olacağı ilə bağlı nişanələrin olduğu qeyd olunub. Çoxdandır gözlənilən "AXCP-Müsavat" seçki blokunun yaranmasını, DUİ-Müsavat əməkdaşlığını cəmiyyətin aktivliyi kimi göstərilən müraciətdə bildirilir ki, yeniliklərdən biri də gənclərin seçki marafonuna namizəd kimi qoşulmaq niyyətlərinin olmasıdır.
Parlament seçkilərinə Müsavat Gənclər Təşkilatının 4 namizədlə getdiyini, təşkilatın siyasətdə həmişə mənəviyyat kodeksini üstün tutduğu qeyd edilən müraciətdə müsavat gənclərinin müxalifətdə olan həmkarlarından da eyni münasibət gözlədikləri vurğulanır. Mənəviyyat kodeksi bütün müxalifət gənclərindən istənilsədə Müsavat Gənclər Təşkilatının bir hədəfi var. Bu Müsavat Partiyası ilə əməkdaşlıq edən və 20-ə yaxın dairədə vahid namizədlə bağlı razılığa gələn DUİ-dir.
Müraciətdə qeyd olunur ki, Müsavat-DUİ əməkdaşlığının baş tutması naminə 11 saylı Qaradağ seçki dairəsini Müsavat Gənclər Təşkilatının üzvü olan Səxavət Soltanlı siyasi etika göstərib DUİ-nin namizədi Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin təşkilati məsələlər üzrə müavini Bəybala Əbilə güzəştə gedib. Bildirilir ki, Qobustan-Xızı-Sumqayıt dairəsindən namizədliyini irəli sürən S.Soltanlıya DUİ dəstək verəcəyini bəyan etsə də, qarşı tərəf sözünün üstündə durmur.
Müsavat Gənclər Təşkilatı hesab edir ki, DUİ-nin verdiyi sözə əməl etməməsi siyasi etikaya ziddir. Müraciətdə ümidvar olduğu bildirilir ki, DUİ bu yanlışlığı tezliklə düzəltməyə çalışacaq: "Gənc, perspektivli Səxavət bəyin vaxtında DUİ-yə etdiyi jestə uyğun olaraq, DUİ-nin də oxşar addım atacağını və Səxavət Soltanlının Qobustan-Xızı-Sumqayıt seçki dairəsindən dəstəklənəcəyini gözləyirik".
Qarşı tərəfin də məsələyə münasibətini öyrənmək istədik. B. Əbil ilə əlaqə saxlaya bilmədiyimizdən mövzu ilə bağlı mövqeyini bildirməyi KAXCP-nin təşkilat komitəsinin rəhbəri Xəzər Teyyubludan xahiş etdik. O, Müsavat Gənclər Təşkilatının müraciətinin kökündə gənclərin emosional olmasının dayandığını söyləyib. Gənclərin də seçkilərə namizəd olaraq qatılmasının normal olduğunu deyən X.Teyyublu bildirib ki, qoy hər kəs öz potensialına güvənərək mübarizə aparsın.
KAXCP-nin təşkilat komitəsinin rəhbəri təmsil etdiyi partiya ilə Müsavat arasında 19 seçki dairəsi ilə bağlı razılaşmanın olduğunu və bu razılaşmada Qaradağ, eləcədə Qobustan-Xızı-Sumqayıt seçki dairələri ilə bağlı KAXCP-nin hər hansı bir öhdəlik götürmədiyini dilə gətirib: "İnformasiya tamamilə yanlışdır. Qarşı tərəfin dediyi kimi seçki dairəsinin güzəştə gedilməsi o zaman ola bilər ki, tərəflər hansısa seçki dairəsində qeydiyyata alınsın və biri o birinin lehinə namizədliyini geri götürsün. Bəybala Əbil Qaradağ rayonu ərazisində kifayət qədər tanınmış şəxsdir. Hər halda bunu digərləri kimi Səxavət Soltanlı da bilməmiş deyil. Qobustan-Xızı-Sumqayıq seçki dairəsinə gəlincə, bu dairədə namizədimiz partiyamızın şöbə müdiri, kifayət qədər tanınmış Miralı Səlimlidir. Hesab edirəm ki, Müsavat Gənclər Təşkilatının yanaşması olduqca yalnış yanaşmadır. DUİ Müsavat ilə əməkdaşlıqla bağlı üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Aramızdakı anlaşmada deyilən şərtlər yoxdur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB