Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Latviyanın sabiq prezidenti ilə görüşüb - TƏDBİR

Bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova Latviyanın sabiq prezidenti, BMT Baş Katibinin İslahatlar üzrə xüsusi elçisi, Avropa Birliyinin uzunmüddətli İnkişaf Proqramının həmsədri Vayra Vike Freybereqa ilə görüşüb. SİA-nın məlumatına görə, görüş zamanı qonağı salamlayan H.Hüseynova komitə haqqında məlumat verib. O bildirib ki, 1998-ci ildə MDB ölkələri arasında sırf qadınlarla bağlı komitə Azərbaycanda yaradılıb. Onun sözlərinə görə, zaman keçdikcə yeni modellər, məsələlər ortaya çıxdığına görə, bir müddətdən sonra komitənin fəaliyyəti genişlənməyə, beləliklə də qurum uşaq problemləri ilə də məşğul olmağa başlayıb. Azərbaycanda demoqrafik problemlərin yüksək olmadığını deyən komitə sədri söyləyib ki, lakin buna baxmayaraq ölkəmizdə bu problemlərin qarşısının alınması istiqamətində işlər daim davam etdirilir.

"Ölkəmizdə erkən nigah, təhsildən yayınma, insan alveri kimi problemlər az da olsa mövcuddur. Biz də bu problemlərin qarşısının alınması istiqamətində işlərimizi daha da gücləndirməyə çalışırıq. Artıq iki ildir ki, dövlət büdcəsindən gender problemlərinə vəsait ayrılır. Komitənin 4 illik fəaliyyəti nəticəsində 2 mühüm qanun - Gender bərabərliyi, Məişət zorakılığı haqqında qanun qəbul edilib", - deyə komitə sədri qeyd edib.

Daha sonra söz alan qonaq yüksək səviyyəli qarşılanmaya görə komitə sədrinə təşəkkürünü bildirib. Daha sonra ailə problemlərinə toxunan Latviyanın sabiq prezidenti bildirib ki, qadın, uşaq problemi ümumbəşəri problemdir və böyükdən kiçiyə hər kəs bu problemlə qarşılaşır. Ailə problemlərinin iqtisadi vəziyyətlə bağlı olduğunu dilə gətirən Vayra Vike Freybereqa vurğulayıb ki, ailədə iqtisadi vəziyyətin aşağı olması bir çox problemlərə yol açır. O qeyd edib ki, ən böyük problem qadınların öz problemlərini gizli saxlamasıdır ki, yalnız ən pis hallarda onlar polisə və ya aidiyyatı orqanlara müraciət edirlər. Daha sonra qonaq öz ölkəsində bu problemlərin qarşısının alınması ilə bağlı görülən işlərdən danışıb.
Görüş müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...