AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

Oktyabrın 4-də öz işinə başlayacaq Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk günü qurumun bürosunun və daimi komissiyanın fəaliyyəti müzakirə olunacaq, Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Makedoniyanın xarici işlər naziri Antonio Miloşoski avropalı deputatlar qarşısında rəhbərlik etdiyi təşkilatın yay sessiyasından sonra gördüyü işlərin hesabatı ilə çıxış edəcək, Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, deputatların ona ünvanladığı yazılı və şifahi suallara cavab verəcəkdir.

SİA-nın məlumatına görə, günün ikinci yarısında AŞPA baş katibinin, Estoniya, Yunanıstan və Portuqaliyadan Avropa məhkəməsinə hakimlərin seçkisi keçiriləcək, Ukraynada demokratik təsisatların fəaliyyəti və uşaqların təhsil hüququ məsələləri ətrafında müzakirələr aparılacaqdır.

Sonrakı günlər insan hüquqları, İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (İİƏT) 2009-2010-cu illərdə fəaliyyəti, Avropa İnkişaf və Yenidənqurma Bankının (AİYB) 2009-cu ildə fəaliyyəti: Avropada iqtisadi inteqrasiyanı asanlaşdırmaq, əlil və xəstə uşaqların təhsil hüququ, sığınacaq istəyənlərin həyat tərzi, Baltik dənizi regionunda sosial-iqtisadi potensialın inkişafı və digər məsələlər müzakirə üçün gündəliyə çıxarılacaqdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov sessiyanın oktyabrın 7-də keçiriləcək yığıncağında səs və işıq çirklənməsi mövzusu ilə çıxış edəcəkdir.

Sessiyanın gedişi zamanı Almaniya kanslerinin müavini, xarici işlər naziri Guido Vestervellin, Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Marta Santos Paisin, Makedoniyanın Baş naziri Nikola Qruevskinin çıxışları da nəzərdə tutulub.

Sessiya oktyabrın 8-də başa çatacaqdır.

Bütün xəbərlər Facebook səhifəmizdə