Əhməd Davudoğlu: “Biz hərbi güc ilə yanaşı, eyni zamanda demokratiya mərkəzi olaraq görünmək istəyirik” - AÇIQLAMA
Türkiyədə Dünya Liderləri Simpoziumu çərçivəsində Çırağan Sarayında verilən axşam yeməyindən sonra bu ölkənin xarici işlər naziri Əhməd Davudoğlu Ankara-Vaşinqton əlaqələrinə, bölgədə baş verən proseslərə, o cümlədən Ermənistan-Türkiyə protokollarına və Dağlıq Qarabağ münaqişəsinə toxunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bölgədəki qeyri-sabit vəziyyətin Türkiyəyə təsir etdiyini, Türkiyənin bunu passiv olaraq izləyə bilməyəcəyini, böhranlara qarşı önəmli rol oynamaq məcburiyyətində olduğunu vurğulayan Davudoğlu bildirib ki, ABŞ da qlobal hadisələrdə önəmli rol oynamağa məcburdur.
Regional səviyyədə çox aktiv olmaq üçün 2003-cü ildən yeni aktiv bir xarici siyasət tətbiq etməyə çalışdıqlarını ifadə edən Türkiyə xarici siyasət idarəsinin başçısı bunun üçün müəyyən etdikləri 6 prinsipə Türkiyə-ABŞ əlaqələri çərçivəsində baxmaq istədiklərini qeyd edib. O, birinci prinsipin təhlükəsizliyin qorunması anlayışına söykənən yeni bir siyasi anlayış olduğunu dilə gətirib: "Biz hərbi güc ilə yanaşı, eyni zamanda demokratiya mərkəzi olaraq görünmək istəyirik. Biz bu qeyri-sabit bölgədə təhlükəsizliyin, sabitliyin, azadlığın, demokratiyanın və rifahın çempionu olmaq istəyirik".
İkinci prinsip olaraq "sabitlikli bir demokratiya üçün qonşularla sıfır problem lazımdır" deyən Davudoğlu qardaşlar arasında da problemin mümkünlüyünü, burada qonşularla problemləri minimuma endirmənin nəzərdə tutulduğunu, bunun iqtisadiyyat üçün çox əhəmiyyətli olduğunu vurğulayıb. Ermənistan ilə imzalanan protokollara da toxunan xarici işlər naziri protokolların hələ də qüvvədə olduğunu deyib. O, eyni zamanda protokolların təsdiq olunmasının Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı Ankaranın tələbini bir daha səsləndirib: "Bir gün Qafqazda Azərbaycan-Ermənistan sülhünün də daxil olduğu əhatəli bir sülh içərisində bu protokollar tətbiq olunacaq. Bu bizim mövqeyimizdir".
Davudoğlu bölgədə siyasi dialoqu, iqtisadi qarşılıqlı asılılığı, bir arada yaşamağı, hər kəs üçün təhlükəsizliyi dəstəklədiklərini ifadə edərək Türkiyə iqtisadiyyatının böyüdüyünü, bunun üçün sabitlikli, etibarlı qonşularının olmasının şərt olduğunu, "Nabucco" kimi layihələrinin həyata keçməsi üçün çalışmalı olduğunu vurğulayıb. "Üçüncü prinsip olaraq qonşularınızla yaxşı əlaqələr üçün bölgədəki riskləri nəzarətdə saxlamalısınız" ifadəsini işlədən Ə.Davutoğlu Türkiyənin həm Qara dəniz, həm Qafqaz, həm Orta Asiya, həm Balkan, həm də Orta Şərq ölkəsi olduğunu, bütün bu bölgələrdəki ölkələrin Türkiyədən bir şeylər gözlədiyini söyləyib.
"ABŞ ilə İran məsələsində bir nöqtədə razıyıq; nə olursa olsun, bölgəmizdə heç bir ölkənin nüvə silahına sahib olmasını istəmirik" deyən Türkiyə xarici işlər naziri İran nüvə probleminin diplomatiya ilə həll edilməsini istədiklərini bildirib: "Çünki İraq müharibəsi kimi bir təcrübəmiz var. Bu təkrarlanmamalıdır. Çünki, İraqın hesabını Türkiyə ödədi, iqtisadi problemlərlə və terrorla".
Davudoğlu dördüncü prinsip olaraq qlobal problemlərdə bütün qlobal oyunçularla uyğun əlaqələr qurmaq istədiklərini vurğulayıb: "Biz AB-yə namizəd ölkəyik. Hədəfimiz AB, eyni zamanda ABŞ ilə də tərəfdaşıq. Rusiya və Cin ilə də çox yaxşı əlaqələrimiz var".
Beşinci prinsipin icrası olaraq Türkiyənin beynəlxalq sahədə daha aktiv olacağını deyən Ə.Davudoğlu altıncı prinsip olaraq da Türkiyənin yeni bir imicə sahib olmasını istədiklərini diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB