Rusiyanın baş naziri Vladimir Putin taxıl ixracı qadağasının gələcək il biçin dövrünə kimi sürəcəyini söyləyib. SİA-nın "İnterfaks" informasiya agentliyinə istinadən verdiyi məlumata görə, iqtidardakı Birləşmiş Rusiya Partiyasının Nijni-Novqorod şəhərindəki toplantısında etdiyi çıxışında baş nazir bu il quraqlıq və yanğınların taxılın məhsuldarlığına çox ciddi bir zərbə vurduğunu bildirərək qeyd edib ki, Volqa bölgəsi gözlənilən məhsulun yarısından çoxunu itirib. Ölkə daxilində indiyə kimi 30 milyon ton taxıl toplandığını deyən Putin məhsuldarlığının az olmasına baxmayaraq ölkənin ehtiyacları üçün kifayət edəcəyini bildirib.
Baş nazir yaranmış vəziyyətdən istifadə edərək qiymət artımına çalışanlara da xəbərdarlıq edib. O, yerli hökumətə qiymət artımının qarşısını almaq və quraqlıqdan zərər görən fermerlərə yardım etmək təlimatını verib: "Məhsul itkisi son dərəcə ciddi bir problemdir. Bu vəziyyətdə səlahiyyətlilərin iki mühüm vəzifəsi var. Bu çətin vəziyyətdən pul qazanmaq səylərinin qarşısını almalıyıq. İkincisi isə fermerlərə yardım edilməlidir. Fermerlərin işlərinin davam etdirməsi üçün 35 milyard rublluq (təxminən 850 milyon manat) bir fond yaratmışıq. Bunun 12 milyard rublu (təxminən 300 milyon manat) Volqa bölgəsinə ayrılıb. Əkinçilik şirkətləri üçün daha əvvəl uzadılan imtiyazların müddəti daha 3 il uzadılacaq".
Hökumətin taxıl məhsullarının ixracına qoyduğu qadağaya da toxunan V.Putin qadağanın növbəti taxıl biçininə kimi davam etməsinin elə də asan olmadığını diqqətə çatdırıb. Amma o, buna məcbur olduğunu deyib: "Taxıl bazarı əvvəlki halına qayıdan kimi qadağaları ləğv edəcəyik. Bu qadağaları gələcəkdə yenidən qəbul etmək məcburiyyətində qalmayacağımıza ümid edirəm. İxraca qoyulan qadağanın mənfi nəticələr doğurdunun fərqindəyik. Ancaq mövcud vəziyyətdə başqa cür hərəkət edə bilmərik. Çünki, əvvəlcə vətəndaşlarımızın mənfəətlərini və Rusiyadakı sıravi istehlakçını qorumalıyıq".
Qeyd edək ki, Rusiya Əkinçilik Nazirliyi bu il gözlənilən 90-95 milyon ton taxıl yığımının təxminən 60 milyon tona düşəcəyini açıqlamışdı. Bundan sonra isə Rusiya hökuməti 15 Avqustdan etibarən taxıl məhsulları ixracınına müvəqqəti olaraq qadağa qoyub. Rusiyanın bu addımından sonra dünya bazarlarında taxıl məhsullarının qiymətlərində də artım müşahidə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB