Bu gün Azərbaycanda yeni dərs ili başlayır

Bu gün Azərbaycanda yeni dərs ili başlayır. Təhsil Nazirliyindən SİA-ya verilən xəbərə görə, 2010-2011-ci tədris ilində ölkəmizin 4 546 ümumtəhsil məktəbində 1 359 900 şagird təhsil alacaq. Onların təlim-tərbiyəsi ilə 169 498 müəllim məşğul olacaq. Yeni dərs ilində I sinif şagirdlərinin sayının 120844 nəfər olacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2009-2010-cu tədris ilində təhsil ocaqlarının I sinfinə 118581 şagird qəbul olunub.

Tədris ilində 36 dövlət ali təhsil müəssisəsində 116 930, 15 özəl ali məktəbdə isə 19 430 tələbə təhsil alacaq. Dövlət ali təhsil ocaqlarında 12800, qeyri-dövlət ali məktəblərində isə 2090 müəllim çalışır. 2010-cu ildə respublika üzrə 17434 şagird yerlik 49 yeni məktəb binasının, 10 mövcud məktəbə 1418 şagird yerlik əlavə tədris korpuslarının və 3 məktəbəqədər təhsil müəssisəsinin inşası başa çatdırılıb. Eləcə də, 7 ümumtəhsil məktəbi, 2 peşə liseyi, 6 körpələr evi-uşaq bağçası əsaslı, 356 ümumtəhsil məktəbi, 9 peşə liseyi, 32 məktəbəqədər və 5 məktəbdənkənar təhsil müəssisəsi cari təmir olunub. Onu da qeyd edək ki, cari ildə 6980 şagird yerlik 25 yeni məktəb binasının tikintisinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə