Prezident İlham Əliyev: “Əminəm ki, bugünkü iclas, buradakı müzakirələr və imzalanacaq sənəd regional miqyasda tamamilə yeni bir vəziyyət yaradacaqdır”
"Hesab edirəm ki, bugünkü görüş uğurlu olacaq və biz yaxşı nəticələr əldə edəcəyik". SİA-nın məlumatına görə bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector" (AGRİ) layihəsinə həsr olunmuş görüşdə çıxışı zamanı səsləndirib. Dövlət başçısı qeyd edib ki, bu sammitin təşkilində bizim müvafiq qurumlarımız və nazirliklərimiz böyük işlər görüblər: "Əminəm ki, bugünkü iclas, buradakı müzakirələr və imzalanacaq sənəd regional miqyasda tamamilə yeni bir vəziyyət yaradacaqdır. Əminəm ki, növbəti aylarda biz çox çalışacağıq ki, planlaşdırdığımızı həyata keçirək.
Bildiyiniz kimi, Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk neft Azərbaycanda hasil olunub və beləliklə, neft və qaz sahəsində bizim böyük ənənələrimiz vardır. Açıq dənizdə dünyada ilk neft də Azərbaycanda hasil olunub. Ötən əsrin ortalarında Sovet İttifaqında əldə olunan neftin böyük hissəsi Azərbaycanda hasil edilirdi. Lakin Sovet İttifaqı süquta uğradıqdan sonra ciddi çətinliklərlə üzləşmişdik. O zaman neft və qaz hasilatında böyük tənəzzül və özümüzü daha tam idarə edə bilməmək təhlükəsi var idi. Beləliklə, mövqelərimizi bərpa etməyin yeganə yolu xarici sərmayələrin cəlb olunması üçün ciddi çalışmaq idi. Bu istiqamətdə siyasətimiz uğurlu oldu və 1994-cü ildə ilk əsas neft müqaviləsi imzalandı. Bu, sonralar "Əsrin müqaviləsi" adlandırıldı və bizə neft və qaz sahəsinə milyardlarla birbaşa xarici sərmayə cəlb etməyə imkan verdi. Xəzər dənizində yeni tərəfdaşlıq ruhu yaratdı. Xəzər dənizi beynəlxalq sərmayələr üçün ilk dəfə açıq oldu və bu, tərəfdaşlarımızla qarşılıqlı maraqlar əsasında çox fəal və hərtərəfli əməkdaşlığa başlamağımıza şərait yaratdı".
"Mən bütün bunların necə baş verdiyini və həmin əməkdaşlığın nəticələrinin nədən ibarət olduğunu qısaca xatırladıram. Zənnimcə, ən böyük nəticə neft və qaz sahəsində güclü əməkdaşlığın qurulması, enerji dəhlizlərinin yaradılması oldu ki, Azərbaycanın karbohidrogen ehtiyatları ilk dəfə Qərb istiqamətinə nəql olunmağa başlandı. İlk dəfə olaraq enerji infrastrukturu Xəzər dənizini Qara və Aralıq dənizləri ilə birləşdirdi. Bu, təkcə karbohidrogen ehtiyatların hasilatı və satılması məsələsi deyildi. Bu, böyük məna kəsb edirdi və geniş regional əməkdaşlığa yol açdı və hazırda geniş beynəlxalq əməkdaşlığa çevrilmişdir. Hazırda neft və qaz təchizatının şaxələndirilməsində əldə etdiyimiz yaxşı nəticələr tamamilə yeni mənzərə yaradır. Biz bu sərmayələri iqtisadiyyatı şaxələndirmək, digər sahələrə cəlb etmək və eyni zamanda, yeni layihələr üzərində çalışmaq üçün istifadə etməyə nail olduq. Bakı-Tbilisi-Ceyhan bu istiqamətdə ilk addım oldu. Cənubi Qafqaz adlandırılan qaz boru kəməri isə bizə qonşu bazarlara nəinki nefti, hətta qazı ixrac etməyə imkan yaratdı. Biz karbohidrogen ehtiyatların kənar təchizat asılılığından yaranan vəziyyətdən yaxşı xəbərdarıq. Çünki bir müddət biz də təbii qazı idxal edirdik.
Biz, eyni zamanda, Xəzər dənizinin şərqindəki tərəfdaşlarımız üçün tranzit ölkə olmuşuq. Bu gün də belədir və biz həm hasilatçı, həm də ixracatçıyıq. Biz mühüm regional layihələri həyata keçirmişik və indi də həyata keçiririk. Düşünürəm ki, hasilatçılar, tranzit ölkələr və istehlakçılar arasındakı maraqlar tarazlığı və regional əməkdaşlığın bu üç vacib seqmenti arasındakı qarşılıqlı anlaşma mühüm əhəmiyyət daşıyır. Fikrimcə, bu gün maraqlar tarazlığının təmin olunduğu bir vəziyyət yaranıb və hamı – hasilatçılar, tranzit ölkələr və istehlakçılar bundan yararlanacaqdır. Daha sonra ölkələrimiz də, xalqlarımız da bundan faydalanacaq və bu, regional əməkdaşlıqda yeni mərhələyə gətirib çıxaracaqdır.
Bu gün biz Gürcüstan, Rumıniya və Macarıstandan gələn qonaqların iştirakını nəzərə alaraq, Qara dəniz-Xəzər dənizi əməkdaşlığından ciddi danışa bilərik. Biz bu layihəyə bir neçə il bundan əvvəl Bakıdan Supsaya, Qara dənizin Gürcüstan sahilinə uzanan boru kəmərinin tikintisi ilə başladıq. Bir qədər əvvəl qeyd etdiyim kimi, biz Xəzər dənizinin və Qara dənizin hövzələrini birləşdirdik. Əminəm ki, bu görüşün nəticəsi olaraq bu marşrutun genişləndirilməsi və yeni layihələr yeni imkanlar açacaq, ölkələrimiz arasında daha sıx əlaqələrin yaranmasına şərait yaradacaqdır. Hesab edirəm ki, bugünkü sammitin keçirilməsinin əsas səbəblərindən biri təmsil etdiyimiz ölkələr arasında mövcud olan möhkəm əlaqələrdir. Bizim Gürcüstan, Rumıniya və Macarıstan ilə yaxşı ikitərəfli əlaqələrimiz vardır. Bu əlaqələrin genişlənəcəyinə, müxtəlif sahələrdə daha da inkişaf edəcəyinə əminəm. Hesab edirəm ki, enerji amili bu əlaqələrin mühüm elementidir, lakin biz təkcə enerji əməkdaşlığı ilə kifayətlənməməliyik. Enerji sahəsində əməkdaşlıq iqtisadiyyatımızın bütün digər sektorlarına mühüm yol açacaq və təbii ki, biz siyasi əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün çalışacağıq", Prezident İlham Əliyev deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB