İctimai dinləmələr Şamaxıda davam etdirilib

İctimai dinləmələr Şamaxıda davam etdirilib

Xəbər verildiyi kimi, Ombudsman Elmira Süleymanova İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planının (MFP) respublikamızın hər bir rayonunda təbliği və tətbiqi vəziyyətinin monitorinqi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirməsi məqsədilə silsilə ictimai dinləmələr keçirir. Növbəti ictimai dinləmə Şamaxı rayonunda təşkil olunmuş, həmçinin bələdiyyələrin işi də müzakirə edilib.

Ombudsman Aparatından SİA-ya verilən məlumata görə, ictimai dinləmədə rayon icra hakimiyyəti və bələdiyyələrin, məhkəmələrin, daxili işlər orqanları və prokurorluğun, dairə seçki komissiyalarının, yerli qeyri-hökumət təşkilatların, KİV-lərin və icmaların nümayəndələri iştirak ediblər.

Tədbiri Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açıb.

Ombudsman ölkəmizdə özünəməxsus yeri olan, qədim və zəngin tarixi, məşhur insanları, alimləri və yazıçıları ilə seçilən Şamaxıda keçirilən bu ictimai dinləmənin əhəmiyyətini vurğulamış, bu rayonun sürətli inkişafını qeyd edib.

E.Süleymanova Azərbaycanda hər hansı ayrı-seçkiliyə yol vermədən insan hüquq və azadlıqların müdafiəsinin dövlətin qarşısında duran ən mühüm vəzifələrdən biri olduğunu qeyd edib. O, respublikamızda, o cümlədən bu rayonda uğurla icra olunan MFP və həmin sənədin istiqamətləri, insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən islahatlar və perspektivlər, habelə Ombudsman təsisatının fəaliyyəti barədə ətraflı məlumat verib.

Müvəkkil qarşıdan gələn Parlament seçkilərini, seçki kampaniyasına start verildiyini nəzərə alaraq, seçki hüquqlarının prioritet məsələ olduğunu, Seçki Məcəlləsinə zəruri əlavə və dəyişikliklərin edildiyini, ölkə Prezidentinin bu sahədə müvafiq Sərəncamlarının əhəmiyyətini və bu sənədlərin təbliğinin zəruriliyini vurğulamış, əhalini seçkilərdə fəal iştirak etməyə çağırıb.

Tədbirdə E.Süleymanova bu rayonda MFP-nin icrası, insan hüquqlarının müdafiəsi, seçki hüquqlarının, o cümlədən seçicilərin şəxsiyyət vəsiqəsi ilə təmini, məhkəmə qərarlarının icra olunması və digər zəruri məsələləri müzakirəyə çıxarıb.

Müzakirələrdə rayon məhkəmə sədri, həmkarlar təşkilatının nümayəndələri, müəllimlər, fəal qadınlar və digər iştirakçılar çıxış edərək, rayonda MFP və insan hüquqları, o cümlədən təhsil hüquqları üzrə fəaliyyət, son məhkəmə-hüquq islahatları, ölkə Prezidentinin müvafiq fərmanlarına əsasən, yeni məhkəmələrin yaradılması və regionlarda yerləşdirilməsi, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi istiqamətdə bir sıra qanunlara və normativ hüquqi aktlara dəyişiklik və əlavələr edilməsi, maarifləndirmə tədbirləri və digər məsələlər barədə məlumat veriblər.

Ombudsman səfər çərçivəsində İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) funksiyalarının icrası məqsədilə əsaslı təmir olunmuş və standartlara uyğun Şamaxı Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına baxış keçirmiş, pozuntular aşkar edilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə