"Həmsədrlər münaqişəyə beynəlxalq hüquqa söykənən mövqe ortaya qoymurlar" ŞƏRH

"Həmsədrlər münaqişəyə beynəlxalq hüquqa söykənən mövqe ortaya qoymurlar" ŞƏRH

“Çox təəssüf ki, həmsədrlər regiona sadəcə olaraq vaxtaşırı özlərinin fəaliyyətlərinin görüntüsünü yaratmaq üçün səfər edirlər. Həmsədrlərin regiona budəfəki səfəri də növbəti protokol səfəri idi və göründüyü kimi ortada heç bir nəticə olmadı”. Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

ATƏT-in Minsk qrupu tərəfindən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquq normalarına söykənən mövqenin ortaya qoyulmadığına təəssüfləndiyini deyən deputat bildirib ki, həmsədrlərin budəfəki bəyanatları da əvvəlkindən çox cüzi fərqləndi: “Çox təəssüf ki, yenə də Ermənistan tərəfinin son günlər cəbhə xəttində törətdiyi təxribatlara, itkilərə münasibət bildirilmir. İlk növbədə Azərbaycana hərbi əməliyyatları dayandırmaq çağırışı edilir, daha sonra eyni müraciət İrəvana və Dağlıq Qarabağdakı separatçılara verilir. Nə səbəbdən Azərbaycan belə qabardılır? Niyə Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizə apardığı nəzərə alınmır?”.

A. Mirzəzadə hesab edir ki, həmsədrlər Dağlıq Qarabağ məsələsinə diqqət etməlidirlər: “Çünki, Ermənistanın tutduğu mövqe, təxribatı gələcəkdə cəbhə xəttində daha böyük gərginlik yarada bilər. Azərbaycanın bu məsələdə mövqeyi prinsipialdır. Ölkəmiz ərazilərinin bütövlüyünü tələb edir. Azərbaycan Ermənistan qoşunlarının işğal olunmuş torplaqlardan çıxarılmasını tələb edir. Nə qədər ki, Ermənistan beynəlxalq hüquq normalarına riayət etmək istəmir, Azərbaycan beynəlxalq hüquqlara əsaslanaraq, ərazi bütövlüyünü təmin etmək üçün bütün hüquqlardan istifadə etmək əzmindədir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə