Baş nazirin müavini: "Əgər işğalçı düzgün yola qayıtmasa, onların sonu çatacaq"

Baş nazirin müavini: "Əgər işğalçı düzgün yola qayıtmasa, onların sonu çatacaq"

"Bu gün dünyada 65,6 milyon insan didərgin düşüb, qaçqın, miqrant, məcburi köçkündür. Yəni orta hesabla dünyada hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Onun sözlərinə görə, tək Türkiyə son 3 ildə 2 milyon 900 min qaçqın qəbul edib: "Dünyada özlərini hegemon sayan dövlətlər öz aralarında yeni coğrafi məkanlara, regionlara nəzarət etmək, yeni təbii sərvətlər, xüsusən enerji resursları əldə etmək üçün mübarizə aparırlar. Arada isə ərazisi kiçik, əhalisinin sayı az olan dövlətlər, xalqlar əziyyət çəkir. Bu gün dünyanın mənzərəsi budur. Son 30 ildə qaçqın, məcburi köçkün və miqrantların sayı 2 dəfə, münaqişə zonalarının sayı 3 dəfə artıb. Problemin həlli dünyada xalqların, dövlətlərin həmrəyliyini tələb edir".

Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində 1 milyon 200 min insanın qaçqın və məcburi köçkün düşdüyünü xatırladan komitə sədri qeyd edib ki, Ulu Öndər Heydər Əliyev 1 milyon 200 min qaçqın və məcburi köçkünün idarəetmə modelini yaradıb: "Prezident İlham Əliyev bu idarəetməni təkmilləşdirib, bugünkü dünyanın tələblərinə uyğunlaşdırıb. Qaçqın, məcburi köçkün və miqrantların idarə olunmasında prezident İlham Əliyev "Azərbaycan modeli", "Azərbaycan brendi" yaradıb".

Ə. Həsənov bildirib ki, ötən il aprel döyüşləri Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı istənilən an işğaldan azad etməyə hazır olduğumuzu göstərdi: "Aprel döyüşlərindən sonra Ermənistanın təcavüzkar siyasi rəhbərliyi hələ də özünə gələ bilməyib. Xalq, ordu, elə Serj Sarkisyanın ətrafı da ona qarşı qalxıb. Əgər işğalçı, şovinist rejim düzgün yola qayıtmasa, onların sonu çatacaq.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə